Bank Of Baku

“Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda dəyirmi masa keçirilib

“Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda dəyirmi masa keçirilib
# 03 dekabr 2010 11:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Atatürk Mərkəzində “Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, onun rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Türkiyənin bir çox bölgələrində “Qarabağ həqiqətləri” adlı fotosərgi keçirilir. Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Mətbuat-Yayım İnformasiya Baş İdarəsinin rəhbəri Murat Karakaya isə ilk xarici fəaliyyət olaraq Azərbaycana səfər etdiklərini bildirib.

M. Karakaya deyib ki, qısamüddətli səfər zamanı mətbuatla bağlı bütün informasiyanı almaq mümkün deyil. O, Azərbaycan və Türkiyə mediası arasında münasibətlərin daha da inkişaf etdirilməsinin planlaşdırıldığını söyləyib. M. Karakaya azərbaycanlı jurnalistlərin Türkiyədəki mətbuat orqanlarında təcrübə keçməsi ilə bağlı bir neçə layihələri olduğunu açıqlayıb. O, həmçinin dekabrın 21-də Ankarada türkdilli ölkələrin jurnalistlərinin qurultayının keçiriləcəyini, orada Azərbaycanın da böyük nümayəndə heyəti ilə təmsil olunacağını qeyd edib.

Tədbirdə çıxış edən millət vəkili Vahid Əhmədov Azərbaycan-Türkiyə dostluğundan danışıb və bu qardaşlığın əbədi olacağını deyib.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə M. Karakayaya plaket təqdim edib.

Tədbirdə həmçinin PJB-nin təşəbbüsü ilə dərc edilən “Anadolu mətbuatının yeni siması - yerli mətbuatda səhifə tərtibatı” adlı kitabın təqdimatı da olub. Kitab Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsi tərəfindən hazırlanıb. Kitabda qəzetlərin dizaynı, səhifələrin tərtibatı, hansı vizual effektlərin vacib olmasından bəhs edilir. Layihə Azərbaycan Prezidenti yanında KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondunun köməyi ilə reallaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR