Bank Of Baku

Misirin “Əl-Məsəiyyə” qəzetində Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna aid məqalə çap olunub

Misirin “Əl-Məsəiyyə” qəzetində Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna aid məqalə çap olunub
# 20 aprel 2011 18:01 (UTC +04:00)
Bakı-APA. Cari ilin 7-9 aprel tarixlərində Bakıda keçirilmiş Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Misir nümayəndə heyətinin tərkibində iştirak etmiş jurnalist Məhəmməd Sələmə sözügedən forumla bağlı Misirin nüfuzlu “Əl-Məsəiyyə” qəzetində geniş məqalə dərc edib. Bu barədə APA-ya Azərbaycan Respublikasının Misirdəki səfirliyindən məlumat veriblər.

Məqalədə Azərbaycan prezidenti və hökumətinin dəstəyi, BMT, İKT, YUNESKO, İSESKO, Avropa Birliyi və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş forumda dünyanın 25 ölkəsindən mədəniyyət nazirlərinin, QHT-lərin və mədəniyyət təşkilatlarının çoxsaylı nümayəndələri ilə yanaşı Misirin 4 tədqiqatçı və jurnalistdən ibarət nümayəndə heyətilə iştirak etdiyi vurğulanıb.

Forumun prezident İlham Əliyevin giriş sözü ilə açıldığını yazan müəllif onun Azərbaycanın mədəniyyətlər arasında əməkdaşlığın və sivilizasiyalarası dialoqun möhkəmləndirilməsində, mədəni fərqliliklərə baxmayaraq, xalqlar arasında sülh, əmin-amanlıq, birgə yaşayış kimi müsbət anlayışların təbliğində böyük rol oynaması kimi məsələlərə toxunduğunu qeyd edib.

Məqalədə həmçinin bildirilir ki, prezident İ.Əliyev çıxışı zamanı 2008-ci ildə İKT Mədəniyyət Nazirlərinin “İslam dinində tolerantlıq” konfransının yekununda qəbul edilmiş Bakı Bəyannaməsinin sivilizasiyalarası dialoqun bünövrəsini qoyduğunu və hazırkı forumun bu istiqamətdə atılmış mühüm addım olduğunu qeyd edərək, qarşıdan gələn payız mövsümündə Azərbaycanda ilk humanitar forumun keçiriləcəyini diqqətə çatdırıb.

Müəllif məqalədə böyük tarixi, coğrafi və mədəni əhəmiyyət daşıyan Bakının artıq bu cür beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi ənənəvi bir məkana çevrildiyini qeyd edib.

Məqalədə həmçinin Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğu, müsəlman aləmində ilk opera və teatrın məhz burda meydana gəldiyi, ilk dəfə qadınların seçki hüququnun bu ölkədə tətbiq olunduğu qeyd olunub, İKT üzvü olan Azərbaycanın həm də Avropa Şurasında təmsil olunmasının bu ölkənin şərq və qərb, şimal və cənub, Qərb dünyası və İslam aləmi arasında böyük rol oynamasına imkan yaratdığı vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR