Bank Of Baku

Azərbaycan mətbuatının dili ilə bağlı monitorinqin nəticələri açıqlanıb

Azərbaycan mətbuatının dili ilə bağlı monitorinqin nəticələri açıqlanıb
# 14 iyul 2011 10:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycan Mətbuat Şurasında (MŞ) “Medianın dil xüsusiyyətləri” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, MŞ sədri Əflatun Amaşov tədbirin Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşən layihə çərçivəsində keçirildiyini bildirib.

Ə. Amaşov layihə çərçivəsində aparılan monitorinqin ilkin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, monitorinqə 40 qəzet cəlb olunub. 40 qəzetin son iki ayda monitorinqi nəticəsində 13599 qrammatik və leksik pozuntu qeydə alınıb. O cümlədən, isimlərdə şəkilçilərin işlədilməsi qaydalarının pozulması 1243, alınma sözlərin işlədilməsi pozuntusu 195 olub. Həmçinin danışıq dili normalarının və xüsusiyyətlərinin yersiz olaraq yazılı nitqə gətirilməsi halı 283 dəfə və digər pozuntular qeydə alınıb. “Ən ciddi problemlərimizdən biri də durğu işarələrinin səhv qoyulmasıdır. Monitorinq çərçivəsində 4911 belə hal qeydə alınıb” – deyə, Ə. Amaşov bildirib.

Ə. Amaşov Azərbaycanda hər beş ildən bir orfoqrafiya lüğəti çap olunduğunu, sonuncu dəfə 2004-cü ildə çap edildiyini bildirib: “Məsələn, “kompüter” deyilir, yazılır, ancaq həmin lüğətdə “kompyuter” yazılıb. Məcburuq ki, biz də lüğətdə göstərilən kimi yazaq”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, “Xalq” qəzetinin əməkdaşı İlham Abbasov mövzunun aktual olduğunu deyib. İ. Abbasov qəzetdə çap olunan materialların çoxunun informasiya agentliklərinin materialları olduğunu deyərək konkret faktlarla yazılı mətbuatda populyar olan qrammatik və leksik pozuntular barədə danışıb. O, son aylarda qəzetlərdə Liviya liderinin adının bir sıra hallarda “Qəddafi”, bəzən isə “Qəzzafi” yazıldığına da diqqəti çəkib.

Tədbirdə mediada ədəbi dilin pozulmasının təzahür formaları ətrafında fikir mübadiləsi aparılıb, mövcud sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunub.

Qeyd edək ki, bu ilin mayından həyata keçirilən layihənin müddəti dörd aydır. Bu vaxt ərzində monitorinqlə yanaşı, mediada Azərbaycan ədəbi dilindən istifadənin vəziyyətinə dair daha bir “dəyirmi masa”nın və ümumrespublika konfransının təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR