Bank Of Baku

Azərbaycan Mətbuat Şurası UNESCO ilə yeni layihə həyata keçirir

Azərbaycan Mətbuat Şurası UNESCO ilə yeni layihə həyata keçirir
# 11 avqust 2011 13:50 (UTC +04:00)
Bakı-APA. Media və iqlim dəyişmələri sahəsində növbəti layihənin icrasına başlanıb. “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişmələri sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması” adlanan layihə UNESCO və Azərbaycan Mətbuat Şurası tərəfindən həyata keçirilir. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, icraçı tərəfdaşlar UNESCO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, layihə qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında jurnalistlərin peşəkarlığının artırılmasına və əhalinin elmi yolla ekoloji maarifləndirilməsinə xidmət edəcək. Onun sözlərinə görə, Mətbuat Şurası və UNESCO-nun “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsi UNESCO-nun Moskva Ofisi ilə 2010-cu ilin sentyabrından 2011-ci ilin aprel ayınadək “Iqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yayım jurnalistləri üçün təlim” layihəsini həyata keçirib. UNESCO-nun Azərbaycan üzrə Milli Komissiyası layihənin uğurla reallaşdırılmasına yaxından dəstək verib. Layihə çərçivəsində teleradio jurnalistləri üçün Bakıda 3 günlük konfrans-seminar keçirilib. “İqlim dəyişmələri və ekoloji stabillik” adlı kitabça nəşr edilərək yayılıb və www.mediaclimate.org adlı vebsayt hazırlanıb istifadəyə verilib. Layihənin idarə olunması birgə razılıq əsasında Mətbuat Şurasının üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fonduna həvalə edilib.

Ə. Amaşov elm, jurnalistika və təhsil mütəxəssislərinin layihənin icra mexanizmi və metodologiyasını hazırlamaq məqsədi ilə Mətbuat Şurasında müzakirələr apardıqlarını, hazırda bu məqsədlə materiallar toplandığını da deyib: “Bu ilin sentyabr ayında media, elm və tədris müəssisələrinin nümayəndələri, həmçinin universitetlərin jurnalistika fakültələrinin tələbələri ilə birgə proqramın konsepsiya sənədi müzakirə olunacaq. Noyabrda isə təlim proqramının təqdimatı keçirilməsini planlaşdırırıq. Təlim proqramının ingiliscə variantının nəşri də nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR