Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva “İrəli” Media Akademiyasının qonağı olub

Millət vəkili Qənirə Paşayeva “İrəli” Media Akademiyasının qonağı olub
# 23 avqust 2011 15:27 (UTC +04:00)
Bakı-APA. Millət vəkili Qənirə Paşayeva “İrəli” İctimai Birliyi Media Akademiyası layihəsinin qonağı olub. “İrəli” İctimai Birliyindən APA-ya verilən məlumata görə, Qənirə Paşayeva Media Akademiya üzvlərinin nəyə görə jurnalistika sahəsini seçdikləri ilə maraqlanıb. O bildirib ki, riski sevməyən insan jurnalistikada uğur qazana bilməz: “Mənim jurnalistikaya marağım kiçik yaşlarımdan olub. Məktəb illərində divar qəzetinin baş redaktoru olmuşam. Hələ o vaxtdan heç kimi dinləməmişəm, doğru bildiyim yolla irəliləmişəm. Səhvlərim mənə böyümə imkanı verib. İnsan həyatda yalnız özünə inanıb, güvənməlidir. Mənim həyat devizim budur: “Xilasını başqa birində görmək, yıxılmağın ən kəsə yoludur”. Bundan başqa rahat həyatı sevənlər heç vaxt jurnalistikada uğur qazana bilməz. Belə insanlar jurnalistikadan çox tez gedirlər. Jurnalistika riski sevənlərin meydanıdır”.
Qənirə Paşayeva jurnalistikadan tam uzaqlaşmadığını da tələbələrin diqqətinə çatdırıb: “Mən jurnalistikaya populyarlıq üçün gəlməmişdim. Jurnalistikadan ayrılanda da heç nəyim yox idi. İnsan riskdən qorxmamalıdır. Mənim həyat fəlsəfəm insanlara yararlı olmaqdır. Həm də mən jurnalistikadan uzaqlaşmamışam. Tez-tez mətbuatda yazılarım dərc olunur”.
Qənirə Paşayeva millət vəkilləri ilə jurnalistlərin münasibətindən də danışıb. O bildirib ki, jurnalistlər millət vəkillərini yox, millət vəkilləri jurnalistləri axtarmalıdır: “Mən hər zaman həmkarlarımla söhbət edəndə deyirəm ki, biz özümüz mətbuatla əməkdaşlığa can atmalıyıq. Çünki bu millət vəkilləri üçün yaxşıdır, jurnalistin burada heç bir marağı yoxdur. Bizim seçicilərimiz bilməlidir ki, onların seçdiyi millət vəkili nə işlə məşğuldur. Bir növ millət vəkilləri mətbuat vasitəsilə seçicilərə hesabat verməlidirlər”.
Sonda qonaq gələcəyin jurnalistlərinə uğurlar arzulayıb. O bildirib ki, Azərbaycan mətbuatının gənc jurnalistlərə, onların kreativ fikirlərinə ehtiyacı var. “İRƏLİ” Media Akademiyası layihəsinin rəhbəri Hacıbəy Heydərli də öz növbəsində Qənirə xanıma səmimi görüşə görə təşəkkür edib.
Xatırladaq ki, Media Akademiya alternativ jurnalistika – peşə kursu formatında fəaliyyət göstərir. Akademiyanın tərkibində fəaliyyət göstərən “İRadio”da, “İRƏLİ Prodakşn”da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək, ölkənin irəlidə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında staj keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR