Bank Of Baku

“Mediada dil faktoru” mövzusunda dəyirmi masa keçirilib

“Mediada dil faktoru” mövzusunda dəyirmi masa keçirilib
# 22 sentyabr 2011 10:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Mətbuat Şurasında “Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi” layihəsi çərçivəsində “Mediada dil faktoru” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bununla bağlı təmsil etdiyi qurum tərəfindən 4 ay ərzində monitorinq aparılıb: “Ümumi pozuntuların sayı 21 min 786-dır. Onlardan 305-i leksik, qalanı isə qrammatik və üslub pozuntularıdır. Morfoloji qaydalara əməl olunmaması 2061, sintaktik qaydalara əməl olunmaması 7418, üslub pozuntuları 14056 dəfə olub. Artıq tədris vəsaitləri hazırlanır. Nəzərdə tutmuşuq ki, jurnalistika fakültələrində əlavə dərslər keçirilsin”.

Layihənin eksperti, “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov bildirib ki, layihə ilə bağlı həyata keçirilən başlıca iş ölkənin aparıcı, ictimai fikrə təsir göstərən KİV-lərinin monitorinqi olub. Monitorinq ümumilikdə 40 qəzetdə aparılıb: “Azərbaycan dili türk dillərindən biridir. Qəzetlərdə üslub və qrammatik səhvlərə çox sayda rast gəlinir. Beynəlxalq səviyyədə işlədilən sözlərin dilimizə inteqrasiyasında da nöqsanlar var. Bütün bunların köklü səbəbi isə ədəbi dilin normalarına bələd olmamaqdır”.

İ. Abbasov deyib ki, istənilən qəzetdə qrammatik səhvlərə rast gəlinir: “Bəzilərinin elementar qrammatik üslubdan xəbərləri yoxdur”. Ekspert dil qaydalarını pozanların inzibati qaydada cəzalandırılmasının zəruriliyini də vurğulayıb: “Gəlin, dilimizi qorumaq üçün mətbuat kampaniyasına başlayaq”.

Toplantıda KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri mövzuya dair fikirlərini dilə gətiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR