Bank Of Baku

Gürcüstan paytaxtında medianın özünütənzimləməsi ilə bağlı ikigünlük regional konfrans başlayıb

Gürcüstan paytaxtında medianın özünütənzimləməsi ilə bağlı  ikigünlük regional konfrans başlayıb
# 22 mart 2012 20:31 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında Azərbaycan, Ermənistan, Gürcüstan, Moldava, Rusiya Federasiyası, Tacikistan və Ukraynanın kütləvi informasiya vasitələrinin və beynəlxalq təşkilatların iştirakı ilə medianın özünütənzimləməsi ilə bağlı ikigünlük regional konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, regional tədbirin birinci günü postsovet ölkələrinin media qurumları arasında 10 maddədən ibarət razılaşma memorandumu imzalanıb. Konfransda həmin ölkələrin təmsilçilərinin hər birinin medianın tənzimlənməsi, media və hökumət, media-ictimaiyyət münasibətləri ilə bağlı yerlərdəki vəziyyətlə əlaqədar məruzələri dinlənilib. Tədbirdə Azərbaycanın Mətbuat Şurasının sədri Əflatun Amaşov və “Demokratik Jurnalistlər Liqası”nın sədri Yadigar Məmmədli təmsil edib. MŞ-nın sədri Əflatun Amaşov konfransda “Azərbaycanda mətbuat və hakimiyyət, mətbuat və ictimaiyyətlə əlaqələrin çözülməsində mətbuat şurasının rolu” mövzusunda məruzə ilə çıxış edib. Sonra diskussiya xarakterli söhbətlər və jurnalist sənətkarlığı, operativlik, etika və regionda jurnalistlərin peşə fəaliyyəti ilə bağlı tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb. Konfransda qeyd olunub ki, Avropa Birliyinin və Avropa Şurasının Cənubi Qafqazda və Moldovada söz və mətbuat azadlığının, plüralizmin və jurnalist peşəkarlığının artırılmasına yönələn layihəsi çərçivəsində ötən il vahid şəbəkə formalaşdırılıb. Konfransda eyni zamanda həmin şəbəkənin fəaliyyəti müzakirə olunaraq nəzərdən keçirilib. Martın 22-də yenidən işlənib hazırlanmış media qurumlarının özünütənzimləməsi ilə bağlı “KİV-də irqi ayrı seçkiyə görə diskriminasiya və dözümlüyün qarşısının alınması” adlı şəbəkə sənədi qəbul edilib. Sənədin qəbulundan sonra jurnalist etikası və regionda jurnalistlərin peşə fəaliyyəti ilə bağlı tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov APA-ya açıqlamasında konfransda Azərbaycan mətbuatında vəziyyət ilə bağlı fikirlərini və MŞ-nın ictimaiyyətlə əlaqələrində əldə edilən təcrübələrdən və jurnalist sənətkarlığı və etikasından danışdığını bildirib. “Azərbaycan MŞ-ı istər iş həcminə görə, istərsə də qəbul etdiyi qərarlara görə, MDB məkanında demək olar ki, ilk mətbuat şuralarından biridir. Buna görə də Qırğızıstana Azərbaycan Mətbuat Şurasının modelindən bəhrələnmək tövsiyə olunub. Başqa ölkələr üçün bizim modelimiz ilk təcrübə kimi qəbul edilib. Mən eyni zamanda MŞ-na daxil olan şikayətlər haqqında da danışdım. Çıxışım iştirakçılar tərəfindən kifayət qədər maraqla qarşılandı. Biz birgə layihələr, konfrans və digər layihələr həyata keçirəcəyik. Biz eyni zamanda KİV-in vəziyyəti barədə mütəmadi olaraq bir-birimizi məlumatlandıracaq, media məhsulları ilə mübadilə edəcəyik”.
Əflatun Amaşov APA-ya Azərbaycan dövlətinin mətbuata qayğısını da açıqlayıb. “Mən çıxışımda Azərbaycan dövlətinin mətbuatımıza qayğısından da danışdım. Azərbaycan dövləti müstəqil mətbuatın inkişafında böyük işlər görüb. Azərbaycan dövləti azad mətbuata yol verir. Bütün bu işlərlə əlaqədar prezident yanında KİV-rin inkişafına dövlət dəstəyi Fondunun yaranması bir daha onu göstərir ki, Azərbaycan dövləti ölkədə azad mətbuatın inkişafına öz töhfəsini verir. Azərbaycan büdcəsi artdıqca mətbuata olan yardım daha da intensivləşir. Bütün bunlar KİV dövlət dəstəyi Fondunun köməyi ilə həyata keçirilir.”

Martın 23-də başa çatacaq tədbirdə qurumun Baş Assambleyasının, eləcə də Katibliyi seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR