Bank Of Baku

Eynulla Fətullayevlə bağlı məhkəmə prosesi davam etdirilib

Eynulla Fətullayevlə bağlı məhkəmə prosesi davam etdirilib
# 25 oktyabr 2007 11:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, Eynulla Fətullayevin vəkili İsaxan Aşurov vəsatətlə çıxış edərək, cinayət işi ilə bağlı verilən ekspert rəyinə etirazını bildirib. Vəkil deyib ki, E. Fətullayevə qarşı ittiham irəli sürülməsinə səbəb olan “Əliyevlər müharibəyə gedir” sərlövhəli məqaləyə rəy verən şəxslərin politoloji, linqvistik ekspertlər olması faktı onlara bəlli deyil və bu şübhə doğurur. Bu səbəbdən vəkil adıçəkilən məqaləyə professionallar tərəfindən rəy verilməsinin daha düzgün olduğunu bildirib. Vəkil eyni zamanda oxşar fikirlərin əks olunduğu məqalələrin politoloqlar Arif Yunus, Eldar Namazov, jurnalistlər Rauf Talışınski, Rauf Mirqədirov, Zaur Rəsulzadə tərəfindən də qələmə alındığını söyləyərək, həmin yazıların da E. Fətullayevin məqaləsi ilə paralel təhlil olunmasının vacibliyini söyləyib. Cinayət işi ilə bağlı şahid kimi dindirilən şəxslərdən bəzilərinin adlarının Əbülfəz Elçibəy, politoloq Rasim Ağayev və general Telman Əliyevlə bağlı vaxtilə araşdırılan cinayət işlərində çəkildiyini söyləyən İ. Aşurov həmin cinayət işləri üzrə şahidlərin siyahısının məhkəməyə təqdim olunması ilə bağlı vəsatət qaldırıb. Vəkil istintaqda adı hallandırılan professor Aydın Hacıyevin də məhkəməyə şahid kimi gətirilməsinin vacibliyini vurğulayıb: “Məhkəmədə qeyd olunub ki, o, hazırda Azərbaycanda yoxdur. Ancaq onun məhkəməyə gəlməsi olduqca zəruridir”. İ. Aşurov onu da deyib ki, müdafiə etdiyi şəxslə A. Hacıyev arasında olan və audio lentə alınan söhbət də fonoskopik təhlildən keçirilməlidir.
Vəsatətin bu məqamı ilə bağlı danışan E. Fətullayev bəzi məqamları açıqlayıb: “MTN-də müstəntiq Sahib Ələkbərov mənə professor Aydın Hacıyevlə otağımda olan söhbətin audio yazısını təqdim etdi. Orada dəhşətli faktlar var. Məsələ bundadır ki, vaxtilə mənim müəllimim olan Aydın Hacıyev Milli Təhlükəsizlik Nazirliyinin aparat rəhbəri general Fərhad Vahabovun tapşırığı ilə mənim yanıma gəlib. Fərhad Vahabov Aydın Hacıyevi bulvara çağırıb deyib ki, Eynulla sənin tələbən olub, get ona de ki, hakimiyyətin əleyhinə olan yazılarını dayandırsın. Əks halda onu başına pis işlər gələcək. Hüseyn Abdullayevin başına gələnlər ona dərs olmadı?”
Jurnalist müstəntiq F. Vahabov, Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, “Çap evi” mətbəəsinin rəhbəri Şahbaz Xuduoğlu və “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Natiq Cavadlının məhkəməyə şahid kimi dəvət olunmalarını tələb edib.
Məhkəmə heyəti vəsatətləri müzakirə etmək üçün müşavirəyə gedib. Müşavirədən qayıdandan sonra hakim Mehdi Əsədov bəyan edib ki, qaldırılan vəsatətlərdən yalnız biri - A. Hacıyevin məhkəməyə gətirilməsi təmin olunub. Hakim deyib ki, məhkəmə onun prosesə gətirilməsi üçün əlavə tədbirlər görəcək.
Daha sonra prosesdə şahidlər dindirilib. “Əliyevlər müharibəyə gedir” yazısı ilə bağlı “bp-Azərbaycan” şirkətinin Təhlükəsizlik Departamentinin müdiri Eldar Nuruzadə, “İpoteka” Fondunun şöbə müdiri Murad Ağamuradov dindirilib. Digər iki şahid səyyar qəzet satışı ilə məşğul olan İntiqam və Şəhriyar Aslanov qardaşları isə E. Fətullayevin təsisçisi və baş redaktoru olduğu qəzetlərin yayımı ilə bağlı sualları cavablandırıblar. Məhkəmə prosesi oktyabrın 26-da davam etdiriləcək.
Qeyd edək ki, E. Fətullayevə bu ilin may ayında MTN-in Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ), 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) maddələri üzrə ittiham elan edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR