Bank Of Baku

Mətbuat Şurasının təşkilatçılığı ilə “Mətbuat və din” mövzusunda dəyirmi masa keçirilib

Mətbuat Şurasının təşkilatçılığı ilə “Mətbuat və din” mövzusunda dəyirmi masa keçirilib
# 23 noyabr 2007 13:55 (UTC +04:00)
Mətbuat Şurasının təşkilatçılığı ilə bu gün “Mətbuat və din” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun bu sahədə keçirdiyi monitorinqin nəticələri barədə məlumat verib. Monitorinqin nəticələrinin yaxın zamanlarda mətbuatda dərc olunacağını bildirən Şura sədri deyib ki, Azərbaycan mətbuatının nümayəndələrinin dini sahədə maarifləndirilməsinə ehtiyac var. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli mətbuatın bəzən dini mövzularla bağlı ifrata vardığını qeyd edərək deyib ki, mətbuatda yazılanları oxuyanda elə təsəvvür yaranır ki, Azərbaycanın başının üzərini dinlə bağlı qara buludlar alıb: “Bu mövqe ilə razılaşmaq olmaq. Azərbaycanda din nəzarət altındadır”. Hacı Sabir dini sahədə mövzuları daha professional şəkildə işıqlandırmaq üçün ixtisaslaşdırılmış jurnalist qrupunun yaradılmasının lazım olduğunu bildirib. “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov ölkə mətbuatının dini mövzulara yer ayırmasının normal, təbii hal olduğunu deyib: “Amma dindən yazmaq üçün bu sahəni yaxşı bilmək lazımdır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov mətbuatda təmsil olunduğu qurumun reallığı nəzərə alaraq dövlət orqanlarının təriqətlərə qarşı mübarizəni gücləndirdiyini deyib. APA-nın baş direktoru Vüsalə Mahirqızı “Mətbuat və din” mövzusunda müzakirələrin vacibliyi barədə danışaraq bu yöndə hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qapalı tədbir keçirilməsinin daha doğru olduğunu bildirib. Azərbaycan mətbuatında dini mövzularda araşdırmalar yazan jurnalistlərin olmamasına görə təəssüfünü ifadə edən V. Mahirqızı jurnalistlər üçün dinlə bağlı maarifləndirmə yönündə treninqlərin keçirilməsi təklifini dəstəkləyib. APA-nın baş direktoru qeyd edib ki, dinlə bağlı elə mövzular, elə məlumatlar var ki, onları işıqlandırmaq dövlətin maraqları baxımından doğru deyil. “Mərkəz” qəzetini baş redaktoru Şirzad Məmmədli, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, dinşünas yazar Elşad Miri mətbuatda dini mövzuların işıqlandırılması ilə bağlı təkliflər irəli sürüblər. Dəyirmi masanın sonunda Azərbaycan mətbuatında çalışan bir qrup jurnalist üçün treninqlərin keçirilməsi və rəsmi strukturların nümayəndələrinin də daxil olduğu heyətdə mətbuat və din mövzusunda qapalı müzakirələrin açılması məqsədəuyğun sayılıb. Ə. Amaşov bildirib ki, qapalı müzakirələr yaxın zamanlarda təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR