Bank Of Baku

Mətbuat Şurası “Azadlıq” radiosunun əməkdaşının həbsinin araşdırılması üçün baş prokuror və daxili işlər nazirinə müraciət edib

Mətbuat Şurası  “Azadlıq” radiosunun əməkdaşının həbsinin araşdırılması üçün baş prokuror və daxili işlər nazirinə müraciət edib
# 07 dekabr 2007 12:38 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında “Azadlıq” radiosunun əməkdaşı İlqar Nəsibovun həbsinə münasibət bildirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, artıq bu faktla bağlı Şura baş prokuror və daxili işlər nazirinə məktub ünvanlayıb. Məktubda məsələnin operativ və obyektiv araşdırılması, tezliklə müvafiq qərar qəbul edilməsi xahiş olunub.
Qeyd edək ki, bu gün “Azadlıq” radiosunun Naxçıvan üzrə bölgə müxbiri İlqar Nəsibovun həbsi ilə bağlı keçirilən mətbuat konfransında bu faktdan narahatlıq ifadə edilib, bununla bağlı müxtəlif beynəlxalq qurumlara müraciət ünvanlandığı vurğulanıb.
İ. Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova isə bildirib ki, dekabrın 6-da Naxçıvanda yerləşən Resurs Mərkəzində, həmçinin evlərində axtarış aparılıb, kompüterlər, sənədlər müsadirə edilib. Onun sözlərinə görə, axtarış millət vəkili İsa Həbibbəylinin şikayəti əsasında aparılıb. Eyni zamanda M. Nəsibova və “Azadlıq” qəzetinin əməkdaşı Məhəmməd Rzayev Muxtar Respublikanın Daxili İşlər Nazirliyində dindirildikdən sonra sərbəst buraxılıblar.
Bu gün ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herero Ansola da Azərbaycanda jurnalistlərin həbs faktlarının ATƏT-i ciddi narahat etdiyini söyləyib. O, ATƏT-in mətbuat və söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin baş verən prosesləri diqqətlə izlədiyini bildirib. Ansola M. Haraştinin regiona növbəti səfərinin nə zaman baş tutacağı barədə məlumata malik olmadığını vurğulayıb.
Naxçıvandan olan millət vəkili İsa Həbibbəyli də Milli Məclisdə İ. Nəsibovun həbsinə münasibətini bildirib. Deputat “Azadlıq” radiosunun müxbirinin peşəkar fəaliyyətinə görə həbs olunmadığını deyib: “O, tikintinin sökülməsinə müdaxilə etdiyi üçün həbs olunub. Naxçıvandan Cəlil Məmmədquluzadə kimi jurnalist çıxıb. Ona görə də naxçıvanlılar jurnalistin qədrini çox yaxşı bilirlər”.
Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov da həbsdə olan jurnalistlərdən heç birinin peşə fəaliyyətinə görə saxlanılmadıqlarını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR