Azərbaycan Mətbuat Şurası seçki ərəfəsində mətbuatda etik normaların pozulması ilə bağlı monitorinq aparacaq

Azərbaycan Mətbuat Şurası seçki ərəfəsində mətbuatda etik normaların pozulması ilə bağlı monitorinq aparacaq
# 29 yanvar 2008 14:18 (UTC +04:00)
“Bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı mətbuatda etik normaların pozulması əvvəlki illərdə müşahidə edildiyi qədər kəskin olmayacaq. 2003-cü ildə keçirilən prezident seçkisində mediada vəziyyət daha ağır idi. Ayrı-ayrı mətbuat orqanları bir-birlərinə çox kəskin münasibət bəsləyirdi”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri son bir neçə ildə mətbuatın nisbətən inkişaf etdiyini deyib. Hər dəfə ölkədə seçki keçiriləndə mətbuatda canlanma müşahidə olunduğunu qeyd edən Ə. Amaşov 2005-ci parlament seçkisi ərəfəsində 30-a qədər yeni mətbuat orqanının nəşrə başladığını xatırladıb: “Seçki başa çatandan sonra qəzetlər tədricən bağlandı”. Ə. Amaşov seçki ilində mətbuatda hiss olunan gərginliyin aradan qaldırılması ilə bağlı Mətbuat Şurasının xüsusi tədbirlər həyata keçirməyi nəzərdə tutduğunu deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum bu il Azərbaycanda keçiriləcək prezident seçkisi ilə əlaqədar monitorinq aparacaq: “Seçkilərlə bağlı şikayətləri ayrılıqda müzakirə edib qərar qəbul edəcəyik”. Hər il Mətbuat Şurasına 800-dən artıq şikayətin daxil olduğunu deyən şura sədri şikayətlərin xarakterinə görə qruplara bölündüyünü bildirib: “Ötən il bu şikayətlərin 500-ə qədəri “reket jurnalistika”sı ilə bağlı olub. 2007-ci ildə jurnalistlərin peşə davranış qaydalarının pozulması ilə bağlı isə 350-dək şikayət almışıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR