Bank Of Baku

“Çap Evi”nin bazar günləri işləməmək barədə qərarı həmin gün çap olunan qəzetləri çətin vəziyyətə salıb

“Çap Evi”nin bazar günləri işləməmək barədə qərarı həmin gün çap olunan qəzetləri çətin vəziyyətə salıb
# 07 fevral 2008 11:27 (UTC +04:00)
Bakı.Məhbubə Qasımbəyli-APA. “Çap Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu həftədən başlayaraq bazar günləri işləməmək barədə verdiyi qərarla bağlı həmin gün mətbəədə nəşr olunan qəzetlər çıxış yolları arayır. Mətbəədə yeddi gün çap edilən “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov APA-ya bildirib ki, hazırda nəşrin dövriliyində problem yaranmaması üçün variantlar axtarırlar: “Çap Evi”nin bazar günləri işləməməsinin səbəblərini araşdırmaqla məşğuluq. Düzdür, mətbəə rəhbərliyi bunu texniki problemlərlə əlaqələndirib. Amma bazar günləri işləməmək barədə qərarın verilməsinin “Çap Evi”ndə aparılan yoxlamalarla eyni vaxta təsadüf etməsi bizdə müəyyən şübhələr doğurur. Aydınlaşdırmaq istəyirik ki, mətbəənin bazar günləri işləməməsi texniki problemdir, yoxsa bu, onlara olan təzyiqlərlə bağlıdır. Bu gün məsələni “Çap Evi”nin rəhbəri Şahbaz Xuduoğlu ilə müzakirə etmək istəsək də, onun Bakıda olmadığını öyrəndik”.
“Baxı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev APA-ya çap qrafikində dəyişiklik etmək istəmədiklərini söyləyib: “Uzun müddətdir ki, oxucularımız bu qrafikə öyrəşiblər. Ona görə də hazırda başqa mətbəələrlə danışıqlar aparırıq. Razılıq verməsələr, yəqin ki, o zaman qrafikdə müəyyən dəyişiklik oluna bilər”.
“Bakı-Zaman” qəzetinin baş redaktoru Elnur Məhərrəmli də APA-ya bildirib ki, bazar ertəsi satışda olmaq niyyətindədirlər: “Hazırda bununla bağlı özəl mətbəələrlə danışıqlar aparırıq. Çapımıza razılıq verilsə, qrafikdə dəyişiklik etməyəcəyik. Çünki qəzetin bazar ertəsi satışı gəlir gətirir. Həmin gün satışı dayandırmaq qəzetə iqtisadi baxımdan ziyan vura bilər. Mətbəələrlə apardığımız danışıqlar uğursuzluqla nəticələnsə, şənbə günləri işləməklə bazar günləri satışda olmaq məcburiyyəti qarşısında qalacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR