Bank Of Baku

Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi jurnalistlərə hücumları yolverilməz hesab edir

Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi jurnalistlərə hücumları yolverilməz hesab edir
# 01 aprel 2008 16:15 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Denis Bribosia bu gün aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib. APA-nın məlumatına görə, aclıq edən jurnalistlərin vəziyyəti ilə maraqlanan D. Bribosia mətbuat işçilərinə qarşı zorakı hücumların yolverilməz olduğunu bildirib. Xüsusi nümayəndə mətbuatda baş verən neqativ halların aradan qaldırılması üçün AŞ-nin Azərbaycan hökumətinə təzyiq etmək niyyətində olmadığını da söyləyib: “Mən təzyiqlərdən danışmazdım. Çünki Azərbaycan suveren ölkədir. Vətəndaşlar bu cür hallardan özləri çıxış yolları tapmağa qadirdirlər”. Aclıq edən jurnalistlər isə AŞ-dən dəstək istəyiblər.
Qeyd edək ki, bu gün “Yeni Müsavat” qəzetinin əməkdaşı Zamin Hacı aclıq aksiyasına qoşulub, “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı olmuş Natiq Cavadlı isə aclığı dayandırıb. 2005-ci ildə Əli Bayramlıdan deputatlığa namizəd olmuş Həsrət Bəbirov və Əli Bayramlı şəhər sakini Vüqar Həsənli də aclıq aksiyasına qoşulublar.
Bu gün Müsavat Partiyasının qərargahında Söz Azadlığını Müdafiə Komitəsinin təşkilatçılığı ilə tədbir də keçirilib. Komitənin sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva bildirib ki, aclıq aksiyası zəncirvari davam edəcək. Tədbirdə çıxış edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib ki, aksiyaçılara dəstək olaraq partiyanın fəalları ilə birgə bir günlük aclıq aksiyası keçirəcək. Millət vəkili Pənah Hüseyn də aclıq aksiyası keçirənlərə dəstək məqsədilə sabahdan aclığa başlayacağını deyib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə aksiyanı dayandırmağı və hakimiyyətlə danışıqlara getməyi təklif edib. Tədbirin sonunda komitə üzvləri ATƏT sədri İlkka Kanervaya, Avropa Şurasının baş katibi Terri Devisə və ATƏT üzvü olan ölkələrin Bakıdakı səfirliklərinə müraciət ediblər. Müraciətdə Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına, xüsusilə də söz və mətbuat azadlığı sahəsində yaranmış vəziyyətə diqqət yetirmək xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR