Bank Of Baku

Bakıda ATƏT-in hazırladığı “Mətbuatın özünütənzimləməsi” adlı kitabın təqdimatı keçirilib

Bakıda ATƏT-in hazırladığı “Mətbuatın özünütənzimləməsi” adlı kitabın təqdimatı keçirilib
# 07 aprel 2008 09:57 (UTC +04:00)
APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın ATƏT məkanında yaşayan hər kəs üçün mətbuat haqqında dərin biliklər verən bir nəşr olduğunu bildirib: “Tam azad olmayan mətbuatdan gerçək məsuliyyəti tələb etmək düzgün deyil”. Ə. Amaşov Azərbaycanda media üzrə ombudsman təsisatının yaradılacağına inandığını söyləyib. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev çıxışında Azərbaycan mediasını iki hissəyə ayırıb - hakimiyyət tərəfindən özününküləşdirilmiş və buna etiraz edən media. O, hesab edir ki, problemin həlli ilə beynəlxalq təşkilat yox, Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları məşğul olmalıdır. Mikloş Haraşti isə bildirib ki, azad mətbuatın keşiyində durmaq hakimiyyətin borcu deyil, mətbuatın keşiyində jurnalistlər dayanmalıdır: “Dövlətə aid media olmamalıdır”. M. Haraşti böhtan, diffamasiya və təhqirə görə jurnalistlərə qarşı cinayət maddəsinin tətbiqinin yolverilməz olduğunu deyib. O, dünyada tam məsuliyyətli bir KİV olmadığını da vurğulayaraq, kommersiya mediasının hər zaman mövcud olduğunu söyləyib. ATƏT təmsilçisi son vaxtlar Azərbaycanda həbs olunan jurnalistlərin sayının artmasından narahatlığını da dilə gətirib. Tədbirdə çıxış edən Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Azərbaycanda azad, sərbəst, müstəqil telekanalın, real ictimai televiziyanın olmamasından şikayətlənib. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycan mediasının fəaliyyətinin qanunvericiliklə tənzimləndiyini, medianı özününküləşdirmək ideyasının çox əlverişsiz ideya olduğunu vurğulayıb. İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərov isə mərkəzçi mövqedə dayandığını, həm hakimiyyət, həm də müxalifət nümayəndələrinin ona eyni münasibətdə olduqlarını deyib. Müxalifətlə iqtidar arasında əməkdaşlıq olmadığı üçün gərginlik yarandığını söyləyən millət vəkili Qüdrət Həsənquliyev isə bu problemin işıqlandırılmasına ehtiyac olduğuna diqqət çəkib. O, həmçinin Azərbaycanda konstitusion islahatlara ehtiyac duyulduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR