Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Hazırda siyasi reklamın nə olduğu anlaşılmır”

Nuşirəvan Məhərrəmli: “Hazırda siyasi reklamın nə olduğu anlaşılmır”
# 19 iyun 2008 10:08 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Seçki Məcəlləsində “siyasi reklam” anlayışı olsa da, “Televiziya və radio yayımı haqqında” qanunda bu məsələ əksini tapmayıb. Ümumiyyətlə, “Reklam haqqında” qanunda bu anlayış yoxdur. Bu boşluq doldurulmalıdır”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, hazırda siyasi reklamın nə olduğu anlaşılmır: “Məndə olan məlumata görə, Seçki Məcəlləsinə edilən dəyişikliklərə əsasən yalnız “Televiziya və radio yayımı haqqında“ qanunda qoyulan tələblər çərçivəsində siyasi reklam verilə bilər. Həmin qanuna əsasən bir saat ərzində 15 dəqiqədən artıq reklam vermək olmaz. Bu on beş dəqiqə ərzində həm mal və xidmət reklamları, həm də namizədlərin reklamı ola bilər“. Əvvəlki seçki kampaniyalarında telekanalların qeyri-məhdud siyasi reklamlar yayımladıqlarını xatırladan N. Məhərrəmlinin sözlərinə görə, bəzən televiziya kanalları gün ərzində altı saata qədər reklam verirdilər: “Buna qarşı çıxanda bizi qınayırdılar ki, telekanallar üçün problem yaradırsınız. Halbuki belə hal heç yerdə yox idi. İndi isə Seçki Məcəlləsində beynəlxalq standartlar tətbiq olunub, buna uyğun olaraq telekanallarda seçki təbliğatı müvafiq tələblər çərçivəsində həyata keçiriləcək”. Şura sədri onu da əlavə edib ki, seçkilərlə bağlı dinləmələrin, teledebatların, mətbuat konfranslarının hansı kateqoriyaya aid olduğu hələ aydın deyil: “Bunlar seçki təbliğatı sayılacaq, yoxsa kanalların öz verilişləri? Əgər təbliğat sayılacaqsa, hesab edirəm ki, telekanallarda siyasi reklam üçün vaxt çox az olacaq. Ola bilsin ki, telekanalların özlərinin təşviqat xarakterli verilişləri olsun. Mən belə bir təkliflə çıxış etmişəm. Hər halda qanunvericiliklə məşğul olanlar bu barədə düşünsələr, daha yaxşı olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR