Bank Of Baku

Media təmsilçiləri Azərbaycan Jurnalistlərinin V Qurultayından nə gözləyir? - SORÄžU

Media təmsilçiləri Azərbaycan Jurnalistlərinin V Qurultayından nə gözləyir? - <font color=red>SORÄžU</font>
# 19 iyun 2008 12:35 (UTC +04:00)
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qurultaydan elə bir fövqəladə gözləntisinin olmadığını deyib. Jurnalistlərin ali tədbirində müzakirə olunacaq Mətbuat Şurası sədrinin səlahiyyət müddətinin artırılması barədə Nizamnamə dəyişikliyi haqqında tədbirdən əvvəl fikir bildirmək istəməyən E. Şıxlı qeyd edib ki, əslində o, dəyişikliyin olmasını istəmir: “İndiki durumda isə müəyyən məqamları həll etmək üçün möhlət gərəkdir. Möhlət deyəndə mən nəyi nəzərdə tuturam? Məsələn, dövlətin mətbuata yardım konsepsiyası təsdiq olunmalıdır. Mən bu sənəddən çox şey gözləyirəm. Həmin layihənin hansı şəkildə qəbul olunmasından asılı olaraq işləmək olacaq. Ona görə də Mətbuat Şurası sədrinin və qurumun İdarə Heyətinin dəyişikliyi olacaqsa, bu layihə kənarda qalacaq. Yəni ona nə baxılacaq, nə də qəbul ediləcək. Amma belə olmasa, onu qəbul edib işləməyə şansımız var. Əslinə qalanda isə bu olmasaydı, mən Nizamnamə dəyişikliyinin tərəfdarı olmazdım. Bu məsələnin necə həll olunacağı isə hələ səsvermənin gedişindən asılıdır. Görək nə olacaq”.
E. Şıxlı Mətbuat Şurası sədrliyinə bir deyil, bir neçə namizədin olacağını güman edir: “Rəqiblər ola bilər. Əslində olmalıdır da. Hər şey qurultaydan asılıdır”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə Azərbaycan jurnalistlərinin özlərində qüvvə tapmasını istəyir: “Jurnalistlər göstərməlidirlər, bu boyda təşkilatla oyun oynamaq, onun Nizamnaməsini istənilən kimi dəyişmək olmaz. Əminəm ki, bu qurultay onu da göstərəcək ki, Azərbaycan jurnalistləri ciddi adamlardır. Hesab edirəm ki, Nizamnamə dəyişikliyi baş verməyəcək. Hər halda təşkilatın başında istənilən adamın istənilən qədər oturmasına şərait yaradan dəyişiklik olmayacaq”. A. Əliyev hesab edir ki, Mətbuat Şurasına Əflatun Amaşovun deyil, başqa bir şəxsin sədr seçilməsi mümkündür: “İndi heç kim namizədliyini açıqlamaq istəmir. Sədrliyə bir neçə nəfərin adı hallanır, amma onlar adlarını açıqlamaq istəmirlər. Adlar qurultayda açıqlanacaq”. Amma A. Əliyev sədrliyə iddiasının olması barədə deyilənləri təkzib edib: “Birinci qurultayda da namizədliyimi vermək və sədr seçilmək üçün elə bir problemim yox idi, amma mən bunu istəmədim. Yenə də o fikirdə qalıram ki, şuranın yaradılmasında mənim rolum bir qədər çox olduğu üçün elə düşünməsinlər ki, özüm üçün bir təşkilat yaratdım. Nəzərdə tutduğum namizədlər var. Düşünürəm ki, onlar namizədliklərini irəli sürəcəklər və onların xeyrinə çıxış edəcəyəm”.
“Mətbuat Şurası belə qərarlar qəbul etsə, şəxsən mən özümü elə bir şurada görmürəm” deyən A. Əliyev qeyd edib ki, qurultayda Nizamnamə dəyişikliyinin baş verməsi narazılığa səbəb olacaq.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qurultaydan yaxşı heç nə gözləmədiyini vurğulayıb: “Münasibətlərin kəskinləşəcəyini, media düşərgəsinin daha da bölünəcəyini gözləyirəm. Bu vəziyyətdən çıxmaq barədə fikirləşirəm. Bu yöndə bir model tapa bilsəm, bu barədə dostlarımıza bildirəcəyəm. Qurultaya gedib-getməmək qərarını isə son gün verəcəyəm”. R. Arifoğlu deyib ki, nə olsa belə, qurultayda konsensus olmayacaq və media düşərgəsində bölünmə baş verəcək: “Mən bundan narahatam”. Bir qədər əvvəl Mətbuat Şurasına alternativ qurum yaratmaq ideyasını irəli sürən baş redaktor deyib ki, bu barədə bir neçə media təmsilçisi ilə məsləhətləşmələr də aparıb: “Hələ ad çəkmək istəmirəm. İdeya var və böyük ehtimalla proseslər buna doğru gedir”.
Qurum sədrliyinə namizəd kimi adı hallanan Mətbuat Şurası sədrinin müavini Qulu Məhərrəmli deyib ki, hələ namizədliyini irəli sürmək barədə düşünmür: “Hər şeyi konkret situasiyada qiymətləndirmək olar. İndi bununla bağlı nə iddiam var, nə də düşüncəm. Mənim üçün bu dəqiqə əsas olan Mətbuat Şurasının nüfuzudur. İstəyirəm ki, biz bu nüfuz və Mətbuat Şurasının beynəlxalq imici barədə fikirləşək. Biz fərdlərin yox, prinsiplərin tərəfdarı olmalıyıq”.
Q. Məhərrəmli onu da deyib ki, indiki şəraitdə qurultaydan ciddi və maraqlı heç nə gözləmir: “Qurultay Nizamnaməyə dəyişiklik də edə bilər, əlavələr də. Amma bu dəyişikliyin məhz indi edilməsi Azərbaycan jurnalistlərinin əsas qurumunu nüfuzdan salır. Ona görə də istəyirəm ki, qurultay iştirakçıları məsələlərə diqqətli yanaşsınlar”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə qurultayın sakit, təmkinli keçməsini arzulayır: “Qurultayda nələrin olacağını yaşayarıq, görərik. Mən arzu edirəm ki, bu tədbir daha çox jurnalistikamıza xeyri olsun, problemlərin həli istiqamətində müzakirələr aparılsın”.
R. Məcid deyib ki, əgər qurultay Mətbuat Şurası Nizamnaməsinə dəyişiklik etsə, Ə. Amaşov yenidən Mətbuat Şurasının sədri seçiləcək: “Başqa bir variantda şura sədrliyinə digər namizədlər də ola bilər. Amma mən hesab edirəm ki, sədrin səlahiyyət müddətini əvvəlcədən 4 il etmək lazım idi ki, başlanılan işləri həyata keçirmək mümkün olsun. İndiki məqamda başlanılan işlərin çoxu yarımçıqdır. Gözləyirik ki, mətbuata dövlət dəstəyi haqqında konsepsiya qəbul olunsun. Bu mənada Əflatun Amaşov hələ bir müddət Mətbuat Şurasının sədri kimi fəaliyyət göstərsə, bu, ümumi işin xeyrinə olar. Hər halda qurultayda gözlənilməzliklər də baş verə bilər”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədliyə görə, qurultayda qeyri-adi, gözlənilməyən hansısa hadisə baş verməyəcək: “Ola bilsin ki, bu qurultay daha canlı keçsin. Əslində biz də bunu istəyirik ki, tədbir sönük keçməsin, qəbul edilən qərarlara görə əvvəlki qurultaylardan fərqlənsin”. Y. Məmmədli konkret adlar çəkməsə də, hesab edir ki, Ə. Amaşovla yanaşı, Mətbuat Şurası sədrliyinə başqa namizədlər də irəli sürüləcək.
APA-nın baş direktoru Vüsalə Mahirqızı da bildirib ki, qurultayda xüsusi hadisə olacağını gözləmir. Onun sözlərinə görə, qurultayda Nizamnamə dəyişikliyinin edilməsi ilə bağlı məsələnin müsbət həll olunacağını gözləyir: “Hazırda Azərbaycan jurnalistlərinin böyük bir qisminin bu dəyişikliyin tərəfdarı olduğu görünməkdədir. Amma bütün hallarda sualların hamısına qurultayda cavab tapılacaq”. V. Mahirqızı Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər edilməsi ilə bağlı müzakirələrin yalnız hazırkı sədr Əflatun Amaşovun personası üzərində qurulmasının əleyhinə olduğunu deyib: “Əvvəla burada söhbət ümumilikdə Şura rəhbərliyinin səlahiyyət müddətinin uzadılmasından gedir. İkincisi, bu dəyişiklik bu gün olmasa belə, növbəti dəfə yenidən gündəmə gələcək. Çünki işləmək və ideyaları reallaşdırmaq baxmından 2 il çox az müddətdir. İki illik müddətin bir ili yalnız sədrin özünü təqdim etməsinə, əlaqələr qurulmasına sərf olunur. Bir il də növbəti qurultaya hazırlıq gedir, bununla da müddət bitir. Bütün seçki orqanların təcrübəsinə baxsaq, ən az müddətə seçilənlər 4 ildir”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov qurultayın gedişi, orada aparılacaq müzakirələr barədə əvvəlcədən fikir söyləmək istəməsə də, qeyd edib ki, Azərbaycan jurnalistləri lazımlı bildikləri qərarları verəcəklər. Şuranın rəhbər orqanlarına seçilənlərin səlahiyyət müddətinin artırılması barədə qurultayın gündəliyinə salınan Nizamnamə dəyişikliyinə gəlincə, Ə. Amaşov deyib ki, sədr üçün 2 il müddətin müəyyənləşdirilməsi doğru deyil: “İki il kifayət qədər azdır. Bu müddətdə insanın planlaşdırdığı işləri həyata keçirməsində müəyyən problemlər ola bilər. Söhbət məndən getmir. Ümumiyyətlə, sədrin səlahiyyət müddəti mütləq uzanmalıdır. Təqribən 4 ilə qədər... Mən burada qeyri-demokratik heç nə görmürəm, çünki Nizamnamə belə bir dəyişikliyə imkan verir. Hər halda bu məsələ qurultayda müzakirə olunacaq, əksəriyyət nəyə səs verəcəksə, o da qəbul ediləcək. Biz Mətbuat Şurasını qurmuşuq. Artıq qurum layihələr həyata keçirmək ərəfəsindədir. Mətbuatın kifayət qədər problemi var. Bu problemləri aradan qaldırmaq üçün xeyli iş görmək lazımdır. Mən özümdə belə bir gücü hiss edirəm. Mənə həvalə etsələr, başladılan işləri sona çatdırmaq istəyərəm. Bu mənim ürəyimdən olardı. Təbii ki, mən Mətbuat Şurasında qalmaq istəmirəm, sadəcə, arzu edirəm ki, başladılan işləri sona çatdırım, şuranı çevik quruma çevirim”.
Nizamnamə dəyişikliyi baş verəcəyi halda, sədrliyə alternativ namizədlərin olacağını istisna etməyən Ə. Amaşov bunu təbii sayır: “Vaxtilə Mətbuat Şurasının ofisi yox idi, qurum kifayət qədər populyar deyildi, onda sakitlik idi. Mətbuat Şurasının binasının açılışında dostlarımızdan biri mənə “Amaşov, sən ciddi rəqiblərlə üzləşə bilərsən” dedi. Mən bunu zarafatla qarşıladım. Əlbəttə, biz çox iş görmüşük. Təkcə Şura üçün bina almaqdan ötrü müvafiq qurumlara 40-a qədər məktub yazmışıq, ofis üçün uzun müddət yer axtarmışıq. Artıq şura var, bar verə bilər. Belə olan halda insanlar Şuraya üzv, sədr olmağı arzu edə bilərlər. Bu da təbiidir. Hər şey qurultaydan asılıdır. Jurnalistlər kiminlə işləməyi münasib bilsələr, kimə etibar etsələr, o da sədr olacaq. Mənim nəzərimdə Mətbuat Şurası ən demokratik institutlardan biridir, qurum cəmiyyətin bütün təbəqələrini birləşdirir. Arzu edirəm ki, biz həmişə nümunə olaraq, bu sayaq qalmağı bacaraq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR