Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında Mərkəzi Bankın nümayəndələrinin sayı azaldılır

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında Mərkəzi Bankın nümayəndələrinin sayı azaldılır
# 03 mart 2016 14:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında Mərkəzi Bankın nümayəndələrinin sayı azaldılır.

"APA-Economics" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Əmanətlərin siğortalanması haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı məlum olub.

Dəyişikliyə əsasən, qanunun 6.2-ci maddəsində “Mərkəzi Bankın üç nümayəndəsi” sözləri “maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, Mərkəzi bankın bir nümayəndəsi” sözləri ilə əvəz edilir. Bununla da, Fondun Himayəçilik Şurasında Mərkəzi Bankın nümayəndələrinin sayı 3 nəfərdən 1 nəfərə qədər azaldılacaq.

Bundan başqa, qanunun 7.1-ci maddəsinin ikinci cümləsində “və ya icraçı direktorun” sözləri “icraçı direktorun və ya maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilir. Başqa sözlə, əgər indiyədək Himayəçilik Şurasının növbədənkənar iclasları Şura sədrinin, Şuranın ən azı iki üzvünün və ya icraçı direktorun tələbi ilə çağırıla bilərdisə, qanun layihəsi qəbul edildikdən sonra maliyyə bazarlarına nəzarət orqanının tələbi ilə də növbədənkənar iclas çağırıla bilər.

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında Mərkəzi Bankı 3 üzv təmsil edir. Bunlar Mərkəzi Bankın baş direktoru Rəşad Orucov, Hüquq departamentinin direktoru Rəna Məlikova, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət şöbəsinin böyük inspektoru İsi Mustafayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR