Azərbaycanda 500 ailə içməli su ilə təmin olunub

Azərbaycanda 500 ailə içməli su ilə təmin olunub
# 01 may 2013 08:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Böyük Britaniyanın “Oksfam” beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyi 2009-2013-cü illərdə həyata keçirilən “İctimai xidmətlərin (təmiz su təchizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında 20 bələdiyyənin bilik və bacarıqlarının artırılması” layihəsinin başa çatması münasibətilə yekun konfrans təşkil edib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən “Oksfam”ın Azərbaycan nümayəndəliyinin direktoru Şövkət Əlizadə bildirib ki, kənd əhalisini içməli su ilə təmin etməyə yönəlmiş layihə 3 il müddətində Bərdənin 8, Ağcabədinin 1, Tərtərin 2 kəndində həyata keçirilib. O deyib ki, layihə vasitəsilə kəndlərdə 500 ailənin (3000 nəfər) içməli suya çıxışı təmin olunub və içməli su infrastrukturu idarəetmə və istismar üçün bələdiyyələrə təhvil verilib: “Layihə çərçivəsində 11 kənddə içməli su infrastrukturu qurulub və təmir edilib, bələdiyyələr üçün 20-dən çox təlim təşkil olunub, suyun qənaətli istifadəsi üçün sayğaclar quraşdırılıb. Bugünkü konfransın da məqsədi kənd yerlərində içməli su təminatının bələdiyyələr tərəfindən idarə edilməsi zamanı əldə edilmiş biliklərin geniş ictimaiyyətlə bölüşdürülməsi və Azərbaycanda içməli su təsərrüfatının idarə olunması sahəsində islahatların aparılmasına töhfə verməkdir”.

Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin əməkdaşı Federiko Berno layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, insanların ehtiyaclarının təmin edilməsi və müvafiq tələblərə cavab verilməsi üçün çox vacib olan bu layihə uğurla icra olunub və gələcək üçün ümid verib.

Tədbirdə çıxış edən millət vəkili Zahid Oruc da insanların içməli suya olan tələbatının ödənilməsi istiqamətində dövlət tərəfindən müvafiq işlərin həyata keçirildiyini deyib. O qeyd edib ki, bu işlərə ayrı-ayrı qeyri-hökumət təşkilatları tərəfindən də lazımi dəstəyin verilməsi müsbət nəticələrin daha tez əldə olunmasına gətirib çıxarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR