Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Medianın İnkişafı Agentliyi arasında müzakirələr davam etdirilir. Müvafiq qurumların media sahəsinin kömək xarakterli təklifləri dəyərləndirilməkdədir.
APA-nın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Ə.İsmayılov bildirib ki, media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanının təmin olunması planlaşdırılır:
“Eyni zamanda MEDİA və biznes subyektləri arasında platformanın yaradılması planlaşdırılır. Media dəstək layihələrinin yeni qaydaları hazırlanıb. 18 çap mediası ilə yanaşı ilk dəfə 39 veb-sayta maliyyə yardımının göstərilməsinə başlanılıb”.
Əhməd İsmayılov Biznes subyektləri ilə media subyektləri arasında müzakirələrin keçiriləcəyini də söyləyib.
“Bu görüşdə reklam məsələləri, media subyektlərini və biznes subyektlərini narahat edən məsələlər müzakirə ediləcək. Media subyektləri üçün biznes təlimlərinin keçirilməsi də planlaşdırılır”.
İcraçı direktor qeyd edib ki, milli mətbuat günü ərəfəsində “Bakı Media həftəsi”nin keçirilməsi nəzərdə tutulur: “Eyni zamanda “İctimai proseslər mediada” adlı Davos formatında tədbir təşkil etməyi düşünürük. Bu adı gələcəkdə inkişaf etdirib başqa adla da bu tədbiri keçirə bilərik. Çünki ictimai proseslər, məişət zorakılıqları ilə bağlı qurumlar tərəfindən mediaya tənqidlər səsləndirilir. Bu tədbirdə bütün media subyektləri və həmin qurumların nümayəndələri də iştirak edəcək. Biz region mediasına dəstək layihəsi də həyata keçirəcəyik”.