Kişinyovda Avropa Şurasının layihəsi çərçivəsində medianın problemlərinə dair konfrans keçirilib

Kişinyovda Avropa Şurasının layihəsi çərçivəsində medianın problemlərinə dair konfrans keçirilib
# 06 dekabr 2012 16:58 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Şurasının Cənubi Qafqazda, Orta Asiyada və Moldovada fəaliyyət göstərən medianın özünütənzimləmə şəbəkəsinin fəaliyyəti ilə bağlı layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib.

Mətbuat Şurasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin yekunlarına həsr olunmuş tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Avropa Şurasının Azərbaycan nümayəndəliyinin təmsilçisi Şahin Abbasov, bir sıra qeyri-hökumət və media təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Ərəstun Mehdiyev konfransda çıxışında Avropa Şurasının ölkəmizdə gerçəkləşdirdiyi layihələrin əhəmiyyətindən söz açıb, təşəbbüslərin ölkədə müstəqil, plüralist medianın inkişafına dəstək göstərdiyini bildirib. Ə. Mehdiyev vurğulayıb ki, Azərbaycan dövlətinin jurnalistika ilə bağlı həyata keçirdiyi fəaliyyət kompleks səciyyə daşımaqla ümumən sahəyə daha fundamental yanaşmanı təmin edir. PA rəsmisi mövcud istiqamətdə gələcəkdə də çoxsaylı tədbirlərin reallaşdırılacağını diqqətə çatdırıb.

MŞ sədri Əflatun Amaşov media peşəkarlığı və peşə davranışı qaydaları mövzusunda çıxış edib. O bildirib ki, ölkəmizdə jurnalistlərin peşəkarlığının artırılmasına yönələn çoxsaylı tədbirlər reallaşdırılıb. “Onlardan ən əhəmiyyətlilərindən biri kimi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əlavə və dəyişiklikləri qeyd etmək istərdim. Bu dəyişikliklər jurnalistlərin şəxsi həyatın toxunulmazlığı ilə bağlı təsəvvürlərini bir qədər də dərinləşdirdi. Şəxsi həyatla ictimai həyatın fərqi nədədir, kimlərin şəxsi həyatı ictimailəşə bilər, burada nələri nəzərə almaq lazımdır”. Ə. Amaşov mediada peşəkarlıqla əlaqədar problemlərin qaldığını da vurğulayıb.

MŞ-nin jurnalistlərin peşəkarlığının artırılmasında Avropa Şurası ilə əlaqələrindən söhbət açan Ə. Amaşov bu baxımdan 2011-ci ildə mətbuat xidmətlərinin təmsilçilərinin və media nümayəndələrinin birgə iştirakı ilə baş tutmuş treninq-məşğələləri qeyd edib.

Beynəlxalq konfrans çərçivəsində Ə. Amaşov və Ə. Mehdiyev Avropa Şurasının İnsan Hüquqları üzrə Baş Direktorluğunun media məsələləri şöbəsinin rəhbəri İvan Nikolçevlə və qurumun digər rəsmi şəxsləri ilə də görüşlər keçiriblər. Görüşlərdə Azərbaycanda medianın hazırkı durumu ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın müxtəlif prioritet istiqamətləri nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR