İranlı bloqqerin həbsxanada ölməsinə görə Kiber Polis İdarəsinin rəsmisi işdən çıxarılıb

İranlı bloqqerin həbsxanada ölməsinə görə Kiber Polis İdarəsinin rəsmisi işdən çıxarılıb
# 05 dekabr 2012 06:39 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranlı bloqqer Səttar Behiştinin həbsxanada ölümünə şoka girməsi səbəb olub. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bildirib.

Baş prokuror qeyd edib ki, S. Beheştinin ölümünün səbəbini araşdırmaq üçün 7 nəfərdən ibarət xüsusi monitorinq komitəsi yaradılıb: “Məhkəmə-tibbi ekspertizanın gəldiyi qənaətə görə, bloqqer bədəninin həssas nahiyələrinə dəyən fiziki zərbələrdən və ya psixoloji təzyiqdən şoka girmiş ola bilər. Bu səhlənkarlığa görə, İran Kiber Polis İdarəsinin rəsmisi Məhəmməd Həsən Şükriyan işdən azad edilib”.

Qeyd edək ki, İran kiber polisi 35 yaşlı solçu bloqqeri öz bloqunda, sosial mediada, xüsusilə “facebook”da ictimai-siyasi məsələlərlə bağlı yazdığı yazılara görə milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandıraraq oktyabrın 30-da öz evində həbs edib. Tehranın Evin həbsxanasında bir gün saxlanılan S. Behişti ona qarşı kobud rəftar edildiyinə dair həbsxana rəsmilərinə şikayət məktubu yazdıqdan sonra naməlum yerə aparılıb. Tehran prokurorluğu aparılan araşdırmalar nəticəsində bloqqerin işgəncədən öldüyünü təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR