Obama senator Kerrinin dövlət katibi vəzifəsinə namizədliyini irəli sürüb

Obama senator Kerrinin dövlət katibi vəzifəsinə namizədliyini irəli sürüb
# 21 dekabr 2012 20:58 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Senatın beynəlxalq məsələlər komitəsinin sədri Con Kerrinin namizədliyini dövlət katibi postuna irəli sürüb.

«Mən senator Kerrinin namizədliyini ABŞ dövlət katibi vəzifəsinə irəli sürməkdən məmnunluq duyuram», deyə Obamanın bəyanatında bildirilir.

Kerrinin dövlət katibi postuna təyin ediləcəyi barədə senatorun köməkçiləri keçən həftə məlumat vermişdilər. Bu vəzifəyə əvvəlki namizəd, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays öz namizədliyini ötən həftə geri götürmüşdü. Süzan Rays sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna edilmiş hücum barədə keçirilən dinləmələrdə suallara cavab verərkən buraxdığı kobud səhvlər onun sözügedən vəzifəyə olan şanslarını sıfıra endirmişdi.

69 yaşlı Kerri ən məşhur ABŞ siyasətçilərindən biridir. O 1985-ci ildən Senatdadır. 2004-cü ildə prezidentliyə namizədliyini irəli sürsə də Corc Buşa uduzub.

Obamanın ikinci prezidentliyi dövründə hökumət kabineti bir sıra dəyişikliklərə uğrayacaq. Müxtəlif səbəblərdən hazırkı dövlət katibi Hillari Klinton, maliyyə naziri Timoti Qaytner, Pentaqonun başçısı Leon Panetta və ədliyyə naziri Erik Holder hökumətdə iştirak etməyəcəklər. Gözlənildiyi kimi, Obama yaxın günlərdə yeni hökumətin tərkibini elan edəcək. Hazırkı dövlət katibi Hillari Klinton vəzifədən gedərək qadın və uşaq hüquqlarının müdafiəsi ilə məşğul olmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR