Azərbaycan Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində «Açıq qapı» günü keçirilib - FOTOSESSİYA

Azərbaycan Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində «Açıq qapı» günü keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 noyabr 2012 14:17 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində (VCİAD) KİV üçün «Açıq qapı» günü keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə Departamentin rəisi Vidadi Məmmədov və digər əməkdaşları qurumun fəaliyyəti, həyata keçirdiyi işlər və vergi cinayətləri ilə mübarizə barədə məlumat veriblər.

Bundan başqa, tədbir çərçivəsində mətbuat nümayəndələri Departamentin müxtəlif bölmələri, o cümlədən İstintaq və Əməliyyat idarələri, təhqiqat, mühafizə və xidmət şöbələri, kriminalistika və uçot bölmələri ilə tanış olublar. KİV nümayəndələrinə Departamentin iş üsulları, iş prosesində qanunvericiliyə əməl olunması ilə bağlı görülən tədbirlər barədə də məlumat verilib.

«Açıq qapı» günü çərçivəsində VCİAD-ın fəaliyyəti, eləcə də Açıq Hökumətin qurulması sahəsində Vergilər Nazirliyinin gördüyü işlərlə bağlı təqdimatlar keçirilib.

Vergilər nazirinin müşaviri xanım Günay Cəfərli vergi xidmətində Açıq Hökumətin qurulması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, o cümlədən şəffaflığın təmin edilməsi və ictimai müzakirələrin aparıldığını bildirib. G.Cəfərli bildirib ki, Azərbaycan prezidentinin təsdiqlədiyi Açıq Hökumətin təşviq edilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları çərçivəsində Nazirlikdə yeni tədbirlər planlaşdırılır: «Hazırda bu tədbirlərlə bağlı Nazirliyin fəaliyyət planı hazırlanır və bu plan yaxın günlərdə açıqlanacaq». Müşavirin sözlərinə görə, yeni tədbirlərdə Nazirliyin işində şəffaflığın daha da artırılması, vergi xidmətində ictimai nəzarətin gücləndirilməsi, eləcə də elektron xidmətlərin sayının daha da artırılması nəzərdə tutulur.

Tədbirdə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin fəaliyyəti ilə bağlı geniş məlumat verən Departamentin rəisi Vidadi Məmmədov bildirib ki, son illər Departament təkcə vergi cinayətləri üzrə işləri yox, vergi borclarının ödənilməsi üzrə işləri də araşdırır. Belə ki, vergi ödəyicisinin böyük məbləğdə borcunun yarandığı (2000 manatdan artıq məbləğlər) amma bu borcun qəsdən ödənilməməsi hallarında da bu iş vergidən yayınma əməlinə çevrilir və Departament tərəfindən araşdırılır: «Müxtəlif sənədlər və üsullar vasitəsilə sübut olunarsa ki, borclu vergi ödəyicisinin borcunu ödəmək imkanı olub, amma ödəməyib, onda həmin işə aid materiallar Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə göndərilir».

V.Məmmədovun sözlərinə görə, belə işlərin araşdırılması zamanı borcun ödənilməsi cinayət işinə xitam verilməsi ilə nəticələnir. Bu zaman ödəyicinin öz borcunu ödəməsi üçün 3 ay vaxtı olur. Bəzən isə bu müddət bir qədər də artırılır ki, vergi borcu ödənilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR