Kutaisidə kütlə Mixail Saakaşviliyə hücum edib

Kutaisidə kütlə Mixail Saakaşviliyə hücum edib
# 19 dekabr 2012 21:27 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Kutaisi şəhərində insident baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Kutaisidə səfərdə olan və Vahid Milli Hərəkat partiyasının ofisinin ətrafına toplaşan insanlar içəridə partiya üzvləri ilə görüş keçirən Gürcüstan prezidenti Mixail Saakaşvilini bayıra çıxmağa qoymayıblar. Sonradan prezidentin cangüdənləri onu ofisdən çıxarmağa nail olublar. Prezidentin istefasını tələb edən kütlə onun maşın karvanını daşa tutub, parlamentin azlıqdan olan deputatı Akaki Minaşvilini fiziki təhqir edilib.

Kutaisidə baş verən insidentə baş nazir Bidzina İvanişvili dərhal reaksiya verib. Bu gün baş nazirin mətbuat xidməti bəyanat yayıb. Bəyanatda baş nazir ölkə əhalisini təxribatlara uymamağa və hüquq-mühafizə orqanlarını baş verən insidenti vaxtında araşdırmağa çağırıb. B. İvanişvili insidentin kimə qarşı yönəldilməsindən asılı olmayaraq, hakimiyyətin məsuliyyət daşıdığını və hər bir təcavüzü pislədiyini bildirib: “Təəssüf ki, rəqiblərə qarşı təcavüz və qarşıdurma bizdən əvvəl də ümumi təcrübə idi və bu gün biz onun bəhrəsini görürük. Mən əhalini hər cür qarşıdurma və təxribata uymamağa çağırıram”, İvanişvili bəyanatda bildirib.

Gürcüstan parlamentin sədri David Usupaşvili də hüquq-mühafizə orqanlarından Kutaisidə baş verən insidentlə bağlı məlumat tələb edib. “Əgər biz-hakimiyyət və müxalifət birdəfəlik standartlar təyin etməsək, tezliklə pis nəticələr əldə edəcəyik. Azad söz demək hər bir vətəndaşın hüququdur. Lakin kimisə blokadaya salmaq və parlament üzvünü fiziki təhqir etmək olmaz. Mən parlamentin çoxluq nümayəndələrinə müraciət edirəm. Xatırlayın, iki ay bundan əvvəl biz hansı vəziyyətdə idik. Biz belə problemlərə görə necə bir yol keçdik. Belə insident ölkədə bir də təkrarlanmamalıdır”, deyə parlament sədri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR