«Bank Technique» Bakıda yeni filialını açıb

«Bank Technique» Bakıda yeni filialını açıb
# 19 dekabr 2012 09:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycanın «Bank Technique» ASC (əvvəlki «Texnikabank») Bakı şəhərində yerləşən «Yeni Həyat» kompleksinin «Azure» Biznes Mərkəzində (Nobel pr-ti,15) «Yeni Həyat» adlı filialını açıb. «APA-Economics»in xəbər verdiyi kimi, filial müştərilərə bütün bank məhsulları təqdim edəcək.

Açılışda çıxış edən bankın İdarə Heyətinin sədri Ülvi Mənsurov bildirib ki, bu, bankın rebrendinqindən sonra açılan birinci filialıdır. Ü.Mənsurovun sözlərinə görə, bankın rebrendinqi təkcə ad dəyişikliyi deyil, bankda korporativ idarəetmə sisteminin gücləndirilməsi, xidmətlərin keyfiyyət səviyyəsinin artırılması, nəzarətin gücləndirilməsi məqsədilə aparılıb və yeni açılan filialda müştərilərə yüksək texnoloji xidmətlərin göstərilməsi ilə yanaşı, müxtəlif yeni bank məhsulları da təqdim ediləcək.

Qeyd edək ki, «Bank Technique»nin 2013-cü ildə müştərilərə təqdim edəcəyi yeniliklər sırasında «Standart», «Yığım», «Unikal», «Tələbli», «Uşaq», «Şans» və «Xeyriyyəçi» depozit növləri kimi yeni bank məhsulları var. Bu depozitlərdən istifadə edəcək müştərilərə bank tərəfindən plastik kart və səyahət sığorta paketləri hədiyyə olunacaq.

Yaxın zamanlarda istifadəyə veriləcək bankın www.banktechnique.az saytı vasitəsi ilə müştərilər banka gəlmədən bir sıra əməliyyatları həyata keçirə biləcəklər. Belə ki, sayt vasitəsi ilə plastik kartların sifarişi, hesabın açılması və ya kreditin alınması üçün ərizə vermək mümkün olacaq. Bundan başqa, müştəriyə özəl açıla bilən «Şəxsi Kabinet» xidməti vasitəsi ilə hesablara nəzarət etmək, kreditlər üzrə və başqa ödənişləri aparmaq imkanı yaradılacaq.

Qeyd edək ki, Azərbaycanda yalnız «Bank Technique» ASC-nin elektron köşkləri vasitəsi ilə Dövlət Yol Polisinin cərimələri və notarius xidmətlərinin rüsumlarını ödəmək olar. Bankın ölkə üzrə 32 filial və 14 şöbəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR