Azərbaycan jurnalist təşkilatları “Roskomnadzor”a müraciət edib

Azərbaycan jurnalist təşkilatları “Roskomnadzor”a müraciət edib
# 28 mart 2022 15:51 (UTC +04:00)

Azərbaycan jurnalist təşkilatları Rusiya Federasiyasının əlaqədar dövlət qurumlarına və beynəlxalq media ictimaiyyətinə müraciət ünvanlayıb.

APA-nın xəbərinə görə, müraciətdə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin ( Roskomnadzor) Azərbaycanın populyar və peşəkar KİV-lərindən olan “Oxu.az” xəbər portalının Rusiya Federasiyası ərazisində yayımına blok qoyduğu bildirilib.

Bu qərarın saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən verildiyi vurğulanıb: “Bir müddət öncə isə analoji qərar Azərbaycanda fəaliyyət göstərən digər rusdilli saytlar - "Haqqin.az" və "minval.az" barədə verilib. Növbəti günlərdə siyahının genişlənəcəyi gözlənilir.

“Roskomnadzor” Azərbaycan KİV-lərinin bloklanması qərarına rəsmi izahat vermək istəmir. Bilinən budur ki, qeyd edilən KİV-lər Rusiya-Ukrayna müharibəsi barədə müntəzəm olaraq informasiyalar yayır, müharibənin gedişatında Rusiya tərəfindən beynəlxalq normaların pozulduğunu ehtiva edən məlumatlar verirlər. Azərbaycan KİV-ləri özlərinin informasiya siyasətində reallığa söykənirlər, Rusiya-Ukrayna müharibəsini müşahidə legitim beynəlxalq təşkilatların hesabatlarına, o cümlədən, rəsmi qurumlara istinad edirlər. Rusiya tərəfi reallıqların KİV müstəvisində görünməsindən narahatlıq keçirməməli, öz narahatlığını sosial şəbəkə platformalarının bloklanması, KİV qurumlarının yayımına məhdudiyyətlər tətbiq edilməsi formasında büruzə verməməlidir.

Nəzərə almaq lazımdır ki, insanların, o cümlədən, rusdilli əhalinin həqiqəti bilmək kimi fundamental hüquqları vardır. “Roskomnadzor” rus dilində həqiqətləri yayan KİV-ləri, o cümlədən, Azərbaycanın xəbər portallarını bloklamaqla söz azadlığını, plüralizm prinsiplərini pozur, demokratiyaya zidd hərəkətlər edir.

Qeyd etməyi zəruri sayırıq ki, Azərbaycan dövləti öz təhlükəsizliyi üçün vacib olan zamanlarda, hətta II Qarabağ savaşı - 44 günlük müharibəsi - dönəmində də Rusiya KİV-lərinin bloklanmasını həyata keçirməyib. Baxmayaraq ki, Rusiyanın əksər KİV-ləri 44 günlük müharibəsi dövründə rəqib cəbhədə yer tutaraq Azərbaycana qarşı informasiya savaşı aparırdılar.

Bizlər, Azərbaycan jurnalist təşkilatları olaraq Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə müraciət edərək, özlərinin yanlış qərarlarına yenidən baxmağa, Azərbaycan KİV-lərinə tətbiq edilmiş blokları aradan qaldırmağa çağırırıq. Eyni zamanda, beynəlxalq media ictimaiyyətinə müraciət edərək bildiririk ki, Rusiyanın yanlış, anti-demokratik addımlarının durdurulması üçün həmrəylik göstərməyə zərurət yaranıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR