Fikrət Əmirovun 90 illik yubiley mərasimi keçirilib

Fikrət Əmirovun 90 illik yubiley mərasimi keçirilib
# 22 noyabr 2012 20:17 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş anım gecəsi və “Fikrət Əmirov - 90” Musiqi Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, əvvəlcə qonaqlar Heydər Əliyev Sarayının foyesində Fikrət Əmirovun həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fikrət Əmirovun Azərbaycanın görkəmli bəstəkarı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı olduğunu xatırladıb, sənətkarın Azərbaycan bəstəkarlıq məktəbində misilsiz xidmətlərindən söz açıb. Nazir, Fikrət Əmirovun musiqilərinin yeni nəsil tərəfindən sevildiyini deyərək, bu sənət əsərlərinin daima sevə-sevə dinləniləcəyini vurğulayıb.

Ə.Qarayev onu da əlavə edib ki, Fikrət Əmirovun 90 illiyi ilə əlaqədar cari ildə Rusiya, Türkiyə, Macarıstan, Ukraynada, eləcə də ölkəmizin Bakı və Qəbələ şəhərlərində dahi bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər təşkil edilib. Daha sonra tədbir musiqili proqramla davam etdirilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan “Fikrət Əmirov - 90” Musiqi Festivalı çərçivəsində müxtəlif konsertlər, tədbirlər keçiriləcək, tamaşalar nümayiş olunacaq. Festival noyabrın 30-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR