Mançester Universitetində “Azərbaycan musiqi gecəsi” keçirilib

Mançester Universitetində “Azərbaycan musiqi gecəsi” keçirilib
# 04 dekabr 2012 07:59 (UTC +04:00)

Bakı - APA. Böyük Britaniyanın Mançester Universitetində “Azərbaycan Musiqi Gecəsi” keçirilib. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə Mançester Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə əsas məqsəd Azərbaycanın milli musiqisi və rəqsləri tədbirə dəvət olunmuş Mançester Universitetinin tələbələrinə tanıdılması olub.

ASAİF-dən APA-ya verilən məlumata görə, tədbirin başlanğıcında Azərbaycan musiqisi - xalq mahnıları, bəstəkarları və musiqi alətləri haqqında tədbir iştirakçılarına məlumat verilib. Şərqdə ilk operanın Üzeyir Hacıbəyov tərəfindən bəstələnməsi, Şərqdə opera bəstələyən və ifa edən ilk qadının Azərbaycanlı olması qonaqların böyük marağını cəlb edib.

Daha sonra Mançester, Şeffild, Oksford və Belfast şəhərlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən Azərbaycan milli musiqiləri tar, nağara və digər alətlərdə ifa olunub. Mançester Azərbaycan Cəmiyyətinin üzvləri tərəfindən hazırlanmış milli rəqslər ifa edilərək tədbir iştirakçılarına tanıdılıb.

Tədbirdə, həmçinin müxtəlif interaktiv yarışlar keçirilib, qaliblərə Azərbaycanla bağlı hədiyyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR