İnzibati Xətalar, Əmək məcəllələrinə və “Həmkarlar İttifaqı haqqında” qanuna dəyişikliklər olunacaq

İnzibati Xətalar, Əmək məcəllələrinə və “Həmkarlar İttifaqı haqqında” qanuna dəyişikliklər olunacaq
# 13 dekabr 2012 10:22 (UTC +04:00)

Bakı – APA. Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə, Əmək Məcəlləsinə və “Həmkarlar İttifaqı haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib.

Təklif olunan dəyişikliklər mülkiyyət formasından asılı olmayaraq, işəgötürən tərəfin həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməsini və 4 iş günü müddətində həmkarlar ittifaqının hesabına köçürülməsini tələb edir. Köçürülməni gecikdirənlərin isə 2 ilədək inzibati tənbeh cəzası nəzərdə tutulur. H.Rəcəbli bildirib ki, bu dəyişiklik həmkarlar ittifaqlarının formalaşmasına və inkişafına öz töhfəsini verəcək.

Qeyd olunub ki, vaxtında baş tutan köçürmələr hesabına həmkarlar ittifaqı daha çox üzvlərini vaxtında lazımı kurort, sanatoriyalara göndərmək, onlara yardım etmək imkanı əldə edəcək. Müzakirələrdən sonra sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR