Bank Of Baku

Deputatlar bayağı verilişlərə görə telekanalları tənqid ediblər - YENİLƏNİB

Milli Məclisin iclası

© APA | Milli Məclisin iclası

# 02 may 2023 12:25 (UTC +04:00)

“Növbəti büdcə müzakirələri zamanı dövlətin maliyyələşdirdiyi iki telekanalın hansının özünü daha çox doğrultduğuna da baxmalıyıq”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” məsələnin müzakirəsi zamanı deputat Sahib Alıyev bildirib.

Deputat İctimai Televiziyaya cəmiyyətin müxtəlif spektrlərinin nümayəndələrinin dəvət olunduğunu və bunu təqdir olunduğunu söyləyib: “Yeri gəlmişkən, telekanallarda zamanında aşağı zövqü insanlar üçün nəzərdə tutulan verilişdə populyarlaşanların sonra necə İranın, mərsiyaxançılığın təbliğatçısına çevrildiyini də görmüşük. Ona görə də bu məsələlərə diqqətlə yanaşılmalıdır”.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, əsas diqqət maarifləndirici verilişlərə yönəlməlidir: “Azərbaycan telekanallarının artıq bir neçə dildə yayımlanmasına ehtiyac var. Bu gün ənənəvi media sosial şəbəkələrə uduzur. Ona görə sosial media siyasətinə də yenidən baxmalıyıq. Bəzən bir televiziya verilişinə min adam baxırsa, sosial mediada həmin verilişə milyonlarla insanın baxdığını görürük”.

Deputat Sabir Rüstəmxanlı isə İctimai Televiziyaya təşkilatlar tərəfindən iki namizəd irəli sürməsini yanlış sayıb: “Adətən, birinci namizəd kimdir, ona səs verilir. Deputatları belə seçim qarşısında qoymaq düzgün deyil. Bəlkə ikinci namizəd daha layiqlidir? Həmin namizədləri o təşkilatlar tanıyırlar və iki deyil, bir namizəd irəli sürsünlər ”.

Sabir Rüstəmxanlı televiziyaları da tənqid edib: “Heç bir insan çirkli paltarda küçəyə çıxmaz. Amma televiziyaya çirkli paltarlarla, çirkli dillə çıxırlar. Onların buna nə haqqı var?”

***

12.11

“Azərbaycan xalqı misilsiz Zəfər tarixini yazıb. 2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımı Qarabağda-Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə və ətraf rayonlarda bərpa edilib. Şuşa Radio-Televiziya yayım stansiyası ən müasir avadanlıqla təchiz edilib. Bütün bunlar aparılan son 4 illik dəyişikliklərin uğurlu olduğunu deməyə əsas verir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Zahid Oruc televiziyanın milli təhlükəsizlik məsələsi olduğunu bildirib: “Araşdırmalara görə, TV-lərə baxanların sayı dünyada 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə bir neçə dəfə azalıb. Sosial şəbəkələr və youtube kanalları geniş yayılır. Səbəblər dərin və çoxşaxəlidir. Onlar dünya TV təcrübəsində ən uğurlu proqram formatları, verilişlərin, yayım ənənəsi, milli xüsusiyyətləri, janrı, kontenti, hədəf auditoriya, aparıcı peşəkarlığı, təqdimat tərzi və s. aspektlərlə bağlıdır”.

Komitə sədrinin sözlərinə görə, son bir neçə ildə İctimai TV-nın proqramlarının məzmun, keyfiyyət və rəngarənglik meyarına önəm verir: “Xüsusilə digər kanallarda epidemiya kimi yayılan sosial tok-şoularla müqayisədə İctimai Tv-də dünyada qəbul edilən meyarlara cavab verən, gündəlik yayımlanan elm, təhsil, maarifçi proqramların çəkisi getdikcə artmağa başlayır, keyfiyyət meyarlarına diqqət verilir”.

Deputat bildirib ki, artıq on illərdə davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramlar tv-lərin əsas simasına çevrilib: “Artıq üçüncü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüşü və mədəniyyəti, dəyərləri ciddi deformasiyaya uğramaqdadır.

Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin-müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilməsi nəticəsində bir neçə aparıcı və TV kanalı reklam və sərvət toplayır. TV-lərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun deyil”.

Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov bildirib ki, kütlənin zövqü TV-lərin yayım konsepsiyasına diqtə etməməli, televiziyalar özü bu zövqü diqtə etməlidir.

Deputat qeyd edib ki, əks halda milli mənəvi dəyərlər, dövlətçilik məfkurəsi ikinci plana keçə, efir məkanı nihilist kosmopolit müstəviyə çevrilə bilər. İndi özəl TV-lər hardasa anlaşılandır, onlar reklama möhtacdır, bu mənada hardasa orta yol tapmağa çalışırlar, amma dövlət büdcəsindən maliyyələşən telekanallar üçün zövq və məfkurə diqtə etmək daha asan olmalıdır. Söhbət maliyyələşməkdən düşmüşkən, bütövlükdə bu proses şəffaf olmalıdır. Bilirsiniz ki, bu gün ölkədə çoxsaylı internet telekanal var. Onların arasında xeyli sayda vicdanla fəaliyyət göstərən, dövlətçilik prinsiplərini rəhbər tutan resurslar var və bu ali tribunadan həmin kollektivlərə təşəkkür edirəm. Amma açıq demək lazımdır ki, bu gün elə internet telekanalları var ki, reklamı olmaya-olmaya çox ciddi resurslara malikdirlər və təbii ki, maliyyə mənbələri ciddi şübhə doğurur. Təsəvvür edin, dövlətdən, dövlətin məmurlarından şəffaflıq tələb edən bu kanalların, özlərinin maliyyə mənbələri ciddi suallar doğurur. Təbii ki, onların haradan qidalandıqları, haradan tapşırıq aldıqları, kimin tapşırığı ilə dövləti hədəfə aldıqları aşağı-yuxarı bizə bəllidir. Bunlar muzdlulardır və nə insan haqları, nə media azadlığı onların düşünə biləcəyi məfhumlar deyil. Bunların qarşısına Sorosun 30 il ermənilərin əli ilə edə bilmədiyini, Fransanın BMT TŞ-də bacarmadığını etmək vəzifəsi, bu dövləti daxildən dağıtmaq vəzifəsi qoyulub, müxtəlif layihələr adı altında pulları verilir və onlar da sifarişlərini icra edirlər. Eyni zamanda ictimai rəydə də riyakarlığın daşıyıcısı məhz bu kimi media qruplarıdır. Bilirsiniz ki, bu günlərdə özünü ölkə müxalifətinin liderlərindən biri hesab edən şəxsin oğlu açıq formada “erməni soyqırımını” tanımaqla, haylardan daha artıq daşnak olduğunu göstərdi. Əlbəttə, Azərbaycan hüquqi dövlətdir, valideyn yetkinlik yaşına çatmış övladına görə hüquqi məsuliyyət daşımır. Amma mənəvi məsuliyyəti kimsə istisna edə bilməz və erməni yetişdirən biri ümid edirəm bundan sonra cəmiyyətə hansısa formada “ağıl verməyə” cəhd etməz. Burada başqa kontekstə diqqət çəkmək istəyirəm. Bir anlıq təsəvvür edin həmin şəxs hansısa nazirin, deputatın, yaxud hakim partiyanın hər hansı funksionerinin övladı idi. Kimsə deyəcəkdimi ki, ata oğluna görə məsuliyyət daşımır? Açın ötən dövrlərin mediasına baxın, görün övladının hansısa avtoqəzaya yaxud, hansısa məişət zəminində insidentinə görə vəzifədə olan vəzifəli şəxslər necə linç edilib?”

Deputat Razi Nurullayev də telekanallarda bayağı verilişləri tənqid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR