Daxili İşlər Nazirliyi Demokratik Qüvvələrin Məşvərət Məclisinin polis zorakılığı ilə bağlı bəyanatına münasibət bildirib

Daxili İşlər Nazirliyi Demokratik Qüvvələrin Məşvərət Məclisinin polis zorakılığı ilə bağlı bəyanatına münasibət bildirib
# 27 noyabr 2012 19:07 (UTC +04:00)

DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, bu bəyanat həqiqəti əks etdirmir: “Özünü Demokratik Qüvvələrin Məşvərət Məclisi adlandıran qurumun obyektivliyi əks etdirməyən, real vəziyyətdən tam uzaq, populist xarakterli bəyanatı ən azından təəssüf və təəccüb doğurur. Dırnaqarası demokratlar bu dəfə də, necə deyərlər, polisin kölgəsini qılınclamağı unutmayıblar. Onlar heç bir konkret fakt göstərmədən iddia ediblər ki, guya polis Aşura günü dindarlarla sərt davranıb və hətta onlara təzyiq də göstərib. Tamamilə haqsız və əsassız bir iddiadır. Bunu yalnız qanunla müəyyən olunmuş qaydada ictimai asayişin, vətəndaşların təhlükəsizliyinin və qanunçuluğun keşiyində dayanmış daxili işlər orqanlarının ünvanına səsləndirilən şər-böhtan kimi dəyərləndirmək olar”.

E. Zahidov qeyd edib ki, Aşura günü polis təhlükəsizliyi təmin edib: “Həqiqət və reallıq isə bu bəyanatda səslənən fikirlərin tam əksini deyir. İstər Aşura günü, istərsə də o gün ərəfəsində yüksək hazırlıq səviyyəsində olan polis dini ayinlərin icra olunduğu məscidlərin, ibadət yerlərinin ətrafında öz xidmətlərini apararaq bütün vətəndaşların, o cümlədən inanclı insanların təhlükəsizliklərini təmin ediblər. Onların öz dini ayinlərini sərbəst, maneəsiz yerinə yetirmələri üçün polis üzərinə düşən vəzifələri məsuliyyətlə icra etdi. Əgər bəyanat müəllifləri Gəncəni nəzərdə tuturlarsa, orada da heç bir polis təzyiqindən söhbət gedə bilməz. Belə ki, Aşuradan bir gün əvvəl, yəni noyabrın 24-də bir qrup vətəndaş Gəncə şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış küçə yürüşü keçirməyə cəhd edib ki, bu cəhdin də qarşısı dərhal alınıb. Çünki razılaşdırılmamış aksiya qanuna ziddir. Qanunsuz aksiyaya cəhdin bir neçə təşkilatçısı polisə gətirilib, onlarla müvafiq profilaktiki söhbətlər aparılıb, qanunun tələbləri izah olunub və sərbəst buraxılıblar. Konkret bu faktda hansı zordan, hansı təzyiqdən danışmaq olar? Belə populist və əsassız bəyanatlarla hüquq-mühafizə orqanlarını, o cümlədən polisi qanunla müəyyən olunmuş öz xidməti vəzifələrinin icrasından yayındırmaq qeyri mümkündür”.

Qeyd edək ki, bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti iclası keçirilib. İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının sədrliyi ilə keçirilən iclasda ölkədəki ictimai-siyasi vəziyyət və ATƏT-in Minsk Qrupunun fəaliyyəti geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasda ötən gün Aşura tədbirlərində polis əməkdaşlarının vətəndaşlara qarşı zorakılığını pisləyən bəyanat qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR