Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “Əl-Cəzirə” Media Şəbəkəsi ilə birgə avqustun 31-də təlimlərə başlayıb. Təlim ərəbdilli jurnalistlər üçün nəzərdə tutulub.
APA xəbər verir ki, təlimdən əvvəl BAMF-ın baş ofisində açılış mərasimi keçirilib.
BAMF prezidenti Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Əl-Cəzirə” Media Şəbəkəsi ilə uzun illərdən bəri davam edən əməkdaşlıq fəaliyyətindən danışıb: “Tədbirin əsas məqsədi BAMF, “Ednews” Analitik İnformasiya Portalının əməkdaşları, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən ərəbdilli jurnalistlər üçün “Əl-Cəzirə” təcrübəsinin paylaşılmasıdır”.
O, qeyd edib ki, indiki təlimlərdə məqsəd ərəbdilli jurnalistlərə “Əl-Cəzirə”nin standartlarının, internet jurnalistikasının sirlərinin öyrədilməsi, həmçinin, “Əl-Cəzirə” Media Şəbəkəsi ilə BAMF və ümumiyyətlə Azərbaycan və region mediası arasında informasiya mübadiləsinin həyata keçirilməsidir.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Səbinə Seyidova çıxışında bildirib ki, BAMF-ın dəstəyi və xarici media ekspertlərinin iştirakı ilə yerli jurnalistlərə təlim keçilməsi uğurlu addımdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov “Əl-Cəzirə” Media Şəbəkəsinin eksperti tərəfindən keçiriləcək təlimlərin ərəbdilli jurnalistlər üçün də faydalı olacağını bir daha vurğulayıb. O, dünyanın müxtəlif dillərində xəbərlər yayımlandığı “Əl-Cəzirə” kanalının təcrübəsinin paylaşılmasında BAMF-ın xüsusi rolunu qeyd edib.
Tədbirdə çıxış edən BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli BAMF və “Əl-Cəzirə” Media Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçiləcək təlimin xüsusən gənc jurnalistlərə faydalı ola biləcəyini qeyd edib.
“525-ci qəzet”in baş redaktoru, BAMF-ın himayəçilik şurasının üzvü Rəşad Məcid bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu hər zaman dünyanın nüfuzlu şəxslərinin, həmçinin, xarici jurnalistlərin Azərbaycana səfərlərini təşkil edib. O, BAMF rəhbərinin şəxsi əlaqələri sayəsində “Əl-Cəzirə” kanalında Azərbaycan haqqında 5 sənədli filmin yayımlandığı barədə də söz açıb.
Daha sonra tədbirdə Əl-Cəzirə Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Bouba çıxış edib. O, tədbir iştirakçılarının sayının çox olmasını Azərbaycan insanının biliyə marağının göstəricisi kimi gördüyünü deyib və fondun prezidenti Umud Mizrəyevə minnətdarlığını bildirib.