Ağdaşın su təchizatı sisteminin yenidən qurulmasının ikinci mərhələsinə başlanıb

Ağdaşın su təchizatı sisteminin yenidən qurulmasının ikinci mərhələsinə başlanıb
# 04 dekabr 2012 16:52 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ikinci mərhələsinə başlanıb. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bu mərhələdə Ağdaş şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulacaq, sugötürücü qurğuların tikintisi başa çatdırılacaq.

Layihəyə uyğun olaraq Ağdaş şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması məqsədilə 134 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkilməlidir. Noyabr ayında inşaat işləri başlanandan 1 km uzunluğunda su xətti çəkilib. Bununla paralel olaraq tikintisi nəzərdə tutulan 121 km kanalizasiya xəttinin 3 km-lik hissəsində işlər başa çatdırılıb. Layihəyə əsasən 7600 ünvan paylayıcı su şəbəkəsinə, 5250 ünvan isə kanalizasiya şəbəkəsinə qoşulacaq.

Ağdaş şəhərini keyfiyyətli içməli su ilə təmin etmək üçün 2 subartezian quyusu qazılacaq və hər birinin tutumu 2000 kubmetr olan 2 su anbarı tikiləcək. Şəhərdə toplanmış məişət-tullantı sularının təmizlənməsi üçün sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulur. Layihəyə uyğun olaraq Ağdaş şəhərinin küçələrində 300-ə qədər yanğın hidrantı da quraşdırılacaq. Layihə üzrə işlər tam başa çatdıqdan sonra Ağdaş şəhərində 30 minə qədər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Xatırladaq ki, icrasına 2008-ci ildə başlanmış “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Ağdaş şəhərində texniki və təşkilati işlər həyata keçirilib. Bu mərhələdə şəhərin su təchizatının yaxşılaşdırılması məqsədilə 3 subartezian quyusu qazılıb, sugötürücü kamera daxil olmaqla həcmi 2000 kubmetr olan yeni su anbarı, xlorator və laboratoriya binası, nasos stansiyası tikilib. Eyni zamanda “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyəti üçün yeni inzibati bina və istehsalat bazası inşa edilib, zəruri maşın və mexanizmlər alınıb. Bu mərhələ üzrə işlər 2010-cu ildə başa çatdırılıb.

Qeyd edək ki, “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhəri ilə yanaşı, Göyçay, Beyləqan, Balakən və Ağcabədi şəhərlərinin də su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR