Azərbaycan Bolqarıstana Dağlıq Qarabağ məsələsində ölkənin ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib

Azərbaycan Bolqarıstana Dağlıq Qarabağ məsələsində ölkənin ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib
# 27 noyabr 2012 14:11 (UTC +04:00)

Bakı. Pərvin Abbasov – APA. Bakıda səfərdə olan Bolqarıstan parlamentinin sədri Tseska Tsaçeva Milli Məclisdə Azərbaycan-Bolqarıstan işçi qrupunun üzvləri ilə görüşüb. APA-nın məlumatına görə, Bolqarıstan parlamentinin nümayəndə heyətini salamlayan qrupun rəhbəri Siyavuş Novruzov bildirib ki, iki ölkə arasında əlaqələr dinamik inkişaf edir: “Parlamentlərarası əlaqələr də ikitərəfli əməkdaşlığa öz töhfəsini verməkdədir. Bu əlaqələrimiz gələcəkdə də davam edəcək”.

S. Novruzov Bolqarıstan tərəfinə Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirib.

T. Tsaçeva isə qeyd edib ki, siyasi müstəvidə olduğu kimi, parlament müstəvisində də çox fəal əməkdaşlıq var: “Ancaq bu əlaqələr bizi qane edən səviyyədə deyil. Əlaqələrimizi daha da inkişaf etdirmək və xalqlarımızın bir-birini daha yaxından tanıması üçün geniş imkanlar mövcuddur. İşgüzar dairələr arasında əlaqələrin inkişaf etdirilməsi xalqlarımızın bir-birini yaxından tanımasına öz töhfəsini verəcək”.

İqtisadi əlaqələrdən danışan T. Tsaçeva xatırladıb ki, Azərbaycan enerji resurslarına malik olan ölkədir: “Bolqarıstanın öz enerji təchizatını təmin etmək üçün Azərbaycanın neftinə və qazına böyük ehtiyacı var. Biz bu sahədə çox yaxşı əməkdaşlıq edə bilərik. Düzdür, bu məsələ Bolqarıstan baş nazirinin Azərbaycana səfəri zamanı geniş müzakirə olunub. Biz də parlament olaraq iqtisadi əlaqələrin inkişafı istiqamətində qanunvericilik bazasının yaradılmasına öz töhfəmizi verə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR