Lars Karlson: «Gömrük xidmətinin inkişafına görə Azərbaycan region üçün nümunədir» - FOTO

Lars Karlson: «Gömrük xidmətinin inkişafına görə Azərbaycan region üçün nümunədir»   - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 14:15 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktorluğunun sabiq direktoru, operativ səlahiyyətli iqtisadi operatorlar sisteminin tərtibatçısı, «The Stairway - Rəsmi olaraq icazə verilən etibarlı qlobal təchizat zəncirinin idarə edilməsi; Dəyişən dünyada gömrük mühiti üçün kadr potensialının gücləndirilməsi» kitabının müəllifi Lars Karlsonu və İsveçin «KGH Sərhəd Xidmətləri» Qrupunun icraçı direktoru Patrik Heinessonu qəbul edib.

«APA-Economics»in məlumatına görə, görüşdə təcrübəli gömrük mütəxəssislərinin Azərbaycana növbəti dəfə səfərindən məmnunluğunu ifadə edən DGK-nin sədri A.Əliyev gömrük sahəsində qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu, uğurlu iqtisadi siyasət nəticəsində ölkənin əldə etdiyi nailiyyətlər, uğurlu daxili və xarici siyasət barədə məlumat verən A.Əliyev beynəlxalq əlaqələrin və əməkdaşlığın genişlənməsinin gömrük sahəsinə də müsbət təsir etdiyini bildirib.

Azərbaycan gömrük xidmətinin inkişaf yolu barədə danışan Komitə sədri qeyd edib ki, hazırda beynəlxalq standartlara uyğun mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, ən müasir infrastruktura və İKT-yə malik Azərbaycan gömrüyü özünün beynəlxalq əlaqələrini daim genişləndirməklə yanaşı, ölkənin dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasına, iqtisadi təhlükəsizliyin etibarlı təmin olunmasına öz töhfəsini verir.

Komitə sədri bu gün DGK-nin «Azərterminalkompleks» Birliyi və İsveçin «KGH Sərhəd Xidmətləri» Qrupu arasında imzalanan müqaviləni qarşılıqlı əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirib, təchizat zəncirinin idarə olunmasının təkmilləşdirilməsi üzrə avtomatlaşdırılmış informasiya sisteminin yaradılmasını özündə ehtiva edən bu müqavilənin imzalanmasının ticarətin daha da asanlaşdırılmasına töhfə verəcəyinə, beləliklə də ölkənin gömrük sisteminin daha modern və beynəlxalq spektrli bir qurum kimi digər dövlətlər üçün nümunə olacağına əminliyini ifadə edib.

L.Karlson Azərbaycanın sürətli inkişaf tempi ilə irəlilədiyini vurğulayaraq, əsl iqtisadi tərəqqinin şahidi olduğunu bildirib. Azərbaycan gömrük xidmətinin inkişaf tendensiyasından razılıqla söhbət açan L.Karlsson Azərbaycanın region üçün bir nümunə olduğunu qeyd edib.

Görüşdə DGK sədri A.Əliyev Komitənin və Bakı şəhərində yerləşən ÜGT-nin Potensialın gücləndirilməsi üzrə Avropa regional ofisinin dəstəyi ilə çap edilmiş L.Karlssonun «The Stairway - Rəsmi olaraq icazə verilən etibarlı qlobal təchizat zəncirinin idarə edilməsi; Dəyişən dünyada gömrük mühiti üçün kadr potensialının gücləndirilməsi» kitabının Azərbaycan və rus dillərində olan nümunələrini müəllifə təqdim edib.

Xatırladaq ki, bu nəşrlər Azərbaycan gömrük xidməti tərəfindən MDB ölkələrinin gömrük xidmətlərinə, eləcə də ölkəmizdəki ali təhsil ocaqlarına, kitabxanalara təmənnasız olaraq paylanıb.

Görüşdən sonra «Azərterminalkompleks» Birliyi və İsveçin «KGH Sərhəd Xidmətləri» Qrupu arasında müqavilə imzalanıb. Sənədi «Azərterminalkompleks» Birliyinin direktoru Qambay Əliyev və İsveçin «KGH Sərhəd Xidmətləri» Qrupunun icraçı direktoru Patrik Heinesson imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR