Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Don Kixot” baletinin tamaşası keçirilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Don Kixot” baletinin tamaşası keçirilib
# 12 noyabr 2012 14:35 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baletinin tamaşası keçirilib.

APA-nın məlumatına görə, tamaşada əsas partiyaları Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solistləri Yekaterina Oleynik və Konstantin Kuznetsov ifa ediblər.

Balet tamaşasını Belarusun xalq artisti, professor Vyaçeslav Voliç idarə edib. Anşlaqla baş tutan tamaşada Kitri rolunun ifaçısı Yekaterina Oleynik və Bazil rolunu ifa edən Konstantin Kuznetsovun yüksək ustalığı və professional səviyyəsi baletsevərləri heyran edib.

Tamaşadan sonra Kitri rolunun ifaçısı Yekaterina Oleynik bunları deyib: “Bizim teatrın bir çox aparıcı solistləri dəfələrlə Azərbaycan Opera və Balet Teatrının qonağı olub və Bakı səhnəsində çıxış ediblər. Onlar hər dəfə geri qayıdandan sonra qastrol səfərləri haqqında, necə səmimi qarşılandıqları, tamaşanın yüksək səviyyədə baş tutduğu, Azərbaycan balet truppası və orkestrin səviyyəsi haqqında yüksək fikirlər söyləyirdilər. Ona görə də Azərbaycan Opera və Balet Teatrının direktoru Akif Məlikovdan dəvət alarkən Konstantinlə mən dəvəti böyük məmnuniyyətlə qəbul etdik. Fikrimcə, bu gün biz yaxşı çıxış etdik. Tərəf-müqabilimlə mən böyük məmnuniyyətlə rəqs edirdik. Tamaşaçılar öz alqışları ilə bizi daha da ruhlandırırdılar. Balet truppanız ilə qarşılıqlı təmas çox asanlıqla alındı. Professional və perspektivli truppanız – gözəl solistləriniz var. Bizim həmkarımız – Vyaçeslav Voliçin rəhbərlik etdiyi orkestrə “Bravo!” demək istərdim. Əsas təşəkkürümü isə səmimi və hərarətli qəbul, qastrol səfərimizin yüksək səviyyədə təşkili və bizə hədiyyə edilən gözəl qızıl gül dəstəsi üçün Teatrın direktoru Akif Məlikova bildirmək istərdim. Bakıya bir daha qayıtmaq və Sizin gözəl teatrınızda yenidən çıxış etmək ümidi və arzusu ilə şəhərinizi tərk edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR