Əhməd Davudoğlu: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün BMT və ATƏT-in daha da fəallaşmasını istəyirik”

Əhməd Davudoğlu: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün BMT və ATƏT-in daha da fəallaşmasını istəyirik”
# 15 dekabr 2012 16:07 (UTC +04:00)

APA-nın “Sentyabrda BMT-nin Baş Assambleyasındakı çıxışınızda dondurulmuş konfliktlərin həllində beynəlxalq təşkilatların istənilən səviyyədə fəaliyyət göstərmədiyini vurğulamışdınız. Son dönəmdə baş nazir Ərdoğan da başda BMT Təhlükəsizlik Şurası olmaqla regional konfliktlərə laqeyd qalan beynəlxalq təşkilatları sərt tənqid edir. QDİƏT-ə üzv olan Ermənistan 25 ildir Azərbaycan torpaqlarını işğal edib, Rusiyanın Gürcüstan və Moldova ilə problemləri var. Dondurulmuş konfliktlərin regional təşkilatlarda həll edilməsi istiqamətində bundan sonra hansı addımları atmağı düşünürsünüz?” sualına Ə.Davudoğlu belə cavab verib: “Mən BMT Baş Assambleyasında və digər toplantılarında Təhlükəsizlik Şurasının beynəlxalq və regional miqyasdakı konfliktlərə arzu edilən səviyyədə diqqət göstərmədiyini tənqid etmişəm. O problemləri ədalətli şəkildə həll etmək BMT-nin birinci dərəcəli işidir. QDİƏT-ə üzv olan ölkələr arasında problemlər mövcuddur. Sizin də dediyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Rusiyanın Gürcüstanla problemləri var. Nəzərə almaq lazımdır ki, QDİƏT üzv ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsinə və bölgədə sülhə, əmin-amanlığa, rifah səviyyəsinin yüksəldilməsinə iqtisadi əlaqələrin gücləndirilməsi vasitəsilə nail olmağa çalışır. Biz düşünürük ki, təşkilata üzv ölkələr arasında iqtisadi əlaqələr nə qədər güclənsə, bölgədə dondurulmuş konfliktlərin həlli də o qədər asanlaşacaq. Biz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün BMT-nin və ATƏT-in daha da fəallaşmasını istəyirik”.

Ə.Davudoğlu xatırladıb ki, QDİƏT-in növbəti dönəmdəki sədri Ukrayna yaxın vaxtlarda ATƏT-in də sədrliyini təhvil alacaq: “Mən Ukrayna xarici işlər naziri Qrişşenko ilə təkbətək görüşümdə bölgədəki dondurulmuş konfliktlərin ədalətli şəkildə həll edilməsində ATƏT-in təsir gücünün artırılması yollarını da ətraflı müzakirə etdim. Ümid edirəm ki, QDİƏT çərçivəsində iqtisadi əlaqələrimizi gücləndirdikcə, bölgəmizdəki dondurulmuş konfliktlərin həlli istiqamətində də önəmli addımlar ata biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR