Londonda “Azərbaycan foto obyektivlərdə” müsabiqəsinin qalibləri elan olunub - FOTO

Londonda “Azərbaycan foto obyektivlərdə” müsabiqəsinin qalibləri  elan olunub - <span style="color: red;">FOTO
# 22 noyabr 2012 11:26 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, sərginin açılışında AAC tərəfindən təşkil edilən “Azərbaycan foto obyektivlərdə” müsabiqəsinin qalibləri elan edilib. Fotoqraf Asim Talıbın 1985-ci ildə Kəlbəcər rayonunda çəkdiyi “Ağsaqqallar” fotosuna görə müsabiqənin qalibi seçildiyi açıqlanıb. Müsabiqədə 2-ci yerə “Bibiheybət məscidi” fotosuna görə Etibar Cəfərov, 3-cü yerə “Alovlar və iynə” fotosuna görə Fuad Babayev layiq görülüb.

Sərgidə bütövlükdə Azərbaycan etnoqrafiyası, mədəniyyəti, memarlığı və təbiətinə dair 100 foto nümayiş olunur. Bu işlər Azərbaycanın və dünyanın müxtəlif ölkələrindən olan həvəskar və peşəkar fotoqrafların “Azərbaycan foto obyektivlərdə” müsabiqəsinə təqdim etdikləri 750 foto arasından seçilib.

Sərginin açılış mərasimində çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət layihələri üzrə məsləhətçisi Sabina Rakçeyeva bildirib ki, bu müsabiqə Avropa Azərbaycan Cəmiyyəti üçün yeni bir təşəbbüs idi: “Azərbaycan haqqında təəssüratlarını ifadə etmək üçün fotoqrafların yaradıcılıq sərbəstliyi təmin edilmişdi. Müsabiqəyə təqdim edilən fotoların çox olması münsiflər heyətini çox sevindirdi. Biz inanırıq ki, “Azərbaycan foto obyektivlərdə” müsabiqəsinə təqdim olunmuş fotoların nümayiş olunduğu bu sərgi Azərbaycana səfər etməyənlərə ilham verəcək”.

Azərbaycanın Böyük Britaniyadaki fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov sərginin təşkilinin çox əlamətdar hadisə olduğunu qeyd edib: “Çünki bu sərgi ölkəmizi Londonda və eləcə də Avropada tanıdır. Mən ümid edirəm ki, sərginin ziyarətçiləri Azərbaycan mənzərələrini unutmayacaqlar. Bu fotolar bir incəsənət nümunəsidir və bu yolla ölkəni tanıtmaq gözəl ideyadır”.

Münsiflər heyətinin üzvü, görkəmli fotoqraf Henry Dallal çıxışında deyib ki, o və münsiflər heyətindən həmkarım, “Condé Nast Traveller” jurnalının foto redaktoru Caroline Metcalfe bu gözəl şəkillər vasitəsilə Azərbaycanı kəşf etməkdən böyük zövq alıblar: “Sürətlə inkişaf edən Azərbaycan eyni zamanda, zəngin tarixi və mədəniyyəti olan özünəməxsus bir ölkədir. Bütün fotolar məni Azərbaycana bir daha qayıtmağa, ölkənin gözəlliyini və insanlarını nümayiş etdirmək üçün daha çox foto çəkməyə həvəsləndirdi”.

Sərgi dekabrın 1-dək ziyarətçilər üçün açıq olacaq. Londondan sonra bu ecazkar fotolar Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Brüssel, Paris və Berlin şəhərlərində təşkil ediləcək sərgilərdə nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR