Vyetnam nümayəndə heyəti Azərbaycan Xarici İşlər Nazirliyində görüş keçirib - FOTO

Vyetnam nümayəndə heyəti Azərbaycan Xarici İşlər Nazirliyində görüş keçirib   - <span style="color: red;">FOTO
# 21 noyabr 2012 15:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr komitəsinin rəhbəri Xoanq Bin Kuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları salamlayan X.Xələfov iki ölkə arasındakı münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib, Vyetnam nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib və sözügedən səfərin ölkələrimiz arasındakı münasibətlərə təkan verəcəyinə əminlik ifadə edib.

Vyetnamlı rəsmi Xoanq Bin Kuan səmimi qəbula görə Azərbaycan tərəfinə minnətdarlıq bildirib və ölkəmizdə müşahidə etdiyi dinamik inkişafdan təsirləndiyini söyləyib. O, diplomatik münasibətlərin 20 il öncə qurulmasına baxmayaraq, Azərbaycanla Vyetnam arasında dostluq əlaqələrinin daha dərin tarixə malik olduğunu diqqətə çatdırıb, bir çox vyetnamlının Azərbaycanda təhsil aldığını xüsusilə vurğulayıb. Ölkəsi haqda ətraflı məlumat verən X.Kuan son 20 ildə Vyetnamın keçdiyi yol haqda danışıb. Enerji, sosial və təhsil sahələrində Vyetnamın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirən qonaq bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb. X.Kuan Vyetnamın beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb. Bununla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Nazir müavini X.Xələfov ölkəmizin Vyetnamla əməkdaşlıqda maraqlı olduğunu söyləyib. Qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək amil kimi Hanoy və Bakı şəhərlərində səfirliklərin açılması göstərilib. Enerji və təhsil sahələrində əməkdaşlıq üçün bütün imkanların mövcud olduğunu qarşı tərəfin diqqətinə çatdıran X.Xələfov burada Azərbaycan Dövlət Neft Şirkəti ilə Vyetnam Neft və Qaz Korporasiyası arasında mövcud razılaşmanı, bu sahədə kadrların hazırlanmasında ARDNŞ-in Ali Neft Məktəbinin rolundan danışıb. Eyni zamanda Azərbaycan Diplomatik Akademiyasında təhsil üçün geniş imkanların olduğu da bildirilib.

Azərbaycanın son 20 ildə keçdiyi yol haqda danışan nazir müavini qısa bir dövr ərzində iqtisadiyyatımızın bütün sahələrində ciddi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal olunduğu və bu işğalın nəticəsi kimi 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salındıqları bildirilib. Ermənistan-Azərbaycan münaqişəsinin regionun inkişafı və burada davamlı stabilliyini təmin olunması üçün başlıca maneə olduğunu bildirən X.Xələfov ATƏT-in Minsk Qrupunun bu istiqamətdə iş apardığına baxmayaraq, bu günə kimi nəticə olmadığını söyləyib. Nazir müavini Ermənistanın dünya birliyi tərəfindən qəbul olunmuş qərar və qətnamələrə, o cümlədən BMT TŞ-nın qətnamələrinə əməl etmədiyini bildirmiş və Azərbaycanın işğal faktı ilə barışmayacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR