Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilir - FOTOSESSİYA

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilir   - <span style="color: red;">FOTOSESSİYA
# 06 dekabr 2012 10:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilir. «APA-Economics»in xəbər verdiyi kimi, forumda 37 şirkət İtaliyadan olmaqla, ümumilikdə 100-dən artıq şirkət və təşkilatın nümayəndələri iştirak edirlər.

Forumda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov İtaliyanın Azərbaycanın strateji tərəfdaşı və ən iri ticarət paryonuru olduğunu bəyan edib və bildirib ki, 2011-ci ilin yekunlarına görə, İtaliya ilə ticarət dövriyyəsi 9,6 mlrd. ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin təxminən 35%-nə bərabərdir. Qeyd edək ki, bu ilin 9 ayının nəticələrinə görə, Azərbaycan ilə İtaliya arasında aparılan ticarət əməliyyatlarının həcmi 4,146 mlrd. dollar olub ki, bunun da 3,971 mlrd. dolları Azərbaycandan ixrac, 175 mln. dolları isə Azərbaycana idxalın payına düşüb.

Eyni zamanda R.Məmmədov bildirib ki, hazırda Azərbaycanda İtaliyanın 28 şirkəti fəaliyyət göstərir və investisiya yatırır. Bu investisiyaların həcmi 47 mln. dollara bərabərdir ki, bu da böyük göstərici deyil və onun artırılması üçün potensial mövcuddur. R.Məmmədov həmçinin vurğulayıb ki, indiyədək Azərbaycan və İtaliya arasında 16 hökumətlərarası sənəd imzalanıb ki, bunlardan investisiyaların qarşılıqlı qorunması və ikiqat vergitutmadan azad edilməyə dair sazişlər ən vacibləridir.

Forumda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov vurğulayıb ki, Azərbaycan İtaliyaya qeyri-neft ixracının artırılmasında maraqlıdır. Qeyd edək ki, statistikaya əsasən, Azərbaycanın İtaliyaya ixrac etdiyi məhsulların əsas hissəsini (90%-dən artıq) neft təşkil edir, Azərbaycan isə qeyri-neft sektoruna aid malların ixracını artırmaq istəyir. Bundan əlavə V.Sadıqovun sözlərinə görə, Azərbaycan şirkətlərinin İtaliyaya sərmayə yatırması üçün də böyük potensial var ki, biznes-forum kimi tədbirlər bu işlərə böyük dəstək ola bilər.

İtaliyanın Azərbaycandakı səfiri Mario Baldini isə öz növbəsində Azərbaycan sahibkarlarını İtaliyaya investisiya yatırmağa dəvət edib və vurğulayıb ki, Azərbaycan investisiyalarının İtaliyaya cəlb edilməsi və artırılması vacib bir məqsəddir. Səfir İtaliyada biznesin qurulmasının bəzi üstünlükləri barədə danışıb və bundan başqa vəd verib ki, Azərbaycan sahibkarları və turistləri üçün İtaliyaya viza alınmasında bəzi hallarda problemlərin həll edilməsində işlər gücləndiriləcək və bürokratik hallar kimi əngəllər aradan qaldırılacaq.

Qeyd etmək lazımdır ki, bütün çıxış edənlər qarşılıqlı investisiyaların və ticarətin artırılması, ümumilikdə iqtisadi əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıblar. O cümlədən, ötən ay yaradılan İtaliya-Azərbaycan Ticarət İnstitutun rəhbəri xanım Manuela Traldini də öz çıxışında İtaliya sahibkarları tərəfindən Azərbaycana böyük marağın olduğunu bildirib, yaradılan təşkilatın iki ölkənin sahibkarları üçün imkanların araşdırılması, məlumatların təqdim edilməsi və s. formada dəstək verməyə hazır olduğunu bəyan edib.

Forum çərçivəsində Azpromo ilə İtaliya-Azərbaycan Ticarət İnstitutu, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İtaliya-Azərbaycan Ticarət İnstitutu, habelə Azərbaycanın «ASPI Holding»i ilə İtaliyanın «Usque ad Finem» şirkəti arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR