Kanada İran Xalq Mücahidlər Təşkilatının adını terrorçu təşkilatlar siyahısından çıxarıb

Kanada İran Xalq Mücahidlər Təşkilatının adını terrorçu təşkilatlar siyahısından çıxarıb
# 22 dekabr 2012 11:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Kanada İran Xalq Mücahidlər Təşkilatının adını terrorçu təşkilatlar siyahısından çıxarıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, rəsmi Ottava bu addımının səbəbinə aydınlıq gətirməyib.

Qeyd edək ki, Avropa Birliyi və Böyük Britaniya Tehran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə bu ilin oktyabr ayında terrorçu təşkilatlar siyahısından çıxarıb. Təşkilat İranda şahlıq dövründə, 60-cı illərin sonlarında yaradılıb, 1980-cı illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən İraqdakı “Əşrəf” hərbi qərargahında cəmləşib. ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərk-silah edilərək “Əşrəf” qərargahında ABŞ ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə ABŞ hökuməti bu qərargahın nəzarətini İraq hökumətinə tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR