“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi gələn həftə Milli Məclisdə müzakirə ediləcək

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi gələn həftə Milli Məclisdə müzakirə ediləcək
# 19 noyabr 2012 12:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA Milli Məclisin gələn həftə keçiriləcək iclasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirə ediləcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. O bildirib ki, qanun layihəsi 5 il öncə Milli Məclisin iclasına çıxarılıb, müzakirələr çox kəskin keçib və cəmiyyət bunu birmənalı qəbul etməyib. Millət vəkilinin sözlərinə görə, bu qanun layihəsi Azərbaycan dövlətçiliyi üçün vacib qanunlardan biridir: “Reproduktiv sağlamlıq nəticəsində Azərbaycanda ötən il artım 122 min olub. Gələn il isə bu rəqəmin 135 min nəfər olacağı gözlənilir. Eyni zamanda təəssüf hissi ilə qeyd edək ki, ölkədə nikaha girən 90 min cütlüyün 13 faizinin dünyaya övlad gətirmə imkanları məhduddur. Əgər bu düzəlişi etsək, Azərbaycan əhalisinin həm say, həm də keyfiyyət göstəricisini artırmış olarıq”.

H.Rəcəbli Ailə Məcəlləsinə dəyişikliyin də gündəmdə olduğunu deyib. Onun sözlərinə görə, hazırda Ailə Məcəlləsinə xüsusilə 2 dəyişiklik əsas müzakirə mövzusudur: “Onların birincisi nikaha girənlərin mütləq şəkildə tibbi arayış təqdim etməsi, digəri isə əmlak müqaviləsinin bağlanmasıdır. Gənc ailənin sosial müdafiəsi haqqında qanun layihəsi də müzakirə edilir. Bunun üzərində də iş gedir və maliyyə tutumlu qanun layihəsidir. Burada sosial durumu zəif olan ailələrə faizsiz sosial ipoteka kreditinin verilməsi, iki nikaha girən gəncdən birinin işlə təmin olunması və digər məsələlər öz əksini tapıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR