Əli Əhmədov: “ATƏT-in Minsk Qrupunun fəaliyyəti müsbət sayıla bilməz”

Əli Əhmədov: “ATƏT-in Minsk Qrupunun fəaliyyəti müsbət sayıla bilməz”
# 24 dekabr 2012 12:00 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “ATƏT-in Minsk Qrupunun fəaliyyəti müsbət sayıla bilməz. Çünki 20 ildir bu qrup qarşısına qoyduğu məqsədə nail ola bilməyib”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icraçı katib Əli Əhmədov verib.

Ə. Əhmədov bildirib ki, həmsədrlik institutu missiyası ayrı-ayrı şəxslərə deyil, üç dövlətə mənsubdur: “Azərbaycan cəmiyyətinin gözləntisi budur ki, Minsk Qrupu və bu qrupun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar öz üzərinə götürdüyü missiyanı ləyaqətlə və layiqincə həyata keçirsinlər. Bunun yeganə bir yolu var, o da Azərbaycanın işğal olunmuş torpaqlarını işğaldan azad etmək, Cənubi Qafqazda ədalətli sülhü bərpa etmək və ən başlıcası isə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü təmin etməkdən ibarətdir”.

YAP sədrinin müavini qeyd edib ki, Minsk Qrupu bu vəzifəni yerinə yetirə bilmədiyi təqdirdə, Azərbaycan cəmiyyəti bu qurumun fəaliyyətindən razı qala bilməz: “Həmsədrlər həmin vəzifənin yerinə-yetirilməsi istiqamətində ciddi addımlar atmayıblar. Məncə, Azərbaycan cəmiyyəti bütövlükdə Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini yüksək qiymətləndirə bilməz”.

Ə. Əhmədov onu da bildirib ki, həmsədrlərin nümayəndəsinin dəyişdirilməsinin danışıqlar prosesində ciddi dəyişikliklərə yol açacağına da inanmır: “İnanmıram ki, bu kardinal bir dəyişikliyə gətirib çıxaracaq. Əlbəttə, biz həmişə Minsk Qrupunun bütövlükdə fəaliyyətinə yeniliklər arzulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR