Yardımlıda sahibkarlara güzəştli kreditlər verilib

Yardımlıda sahibkarlara güzəştli kreditlər verilib
# 30 noyabr 2012 16:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Yardımlı rayonunda «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbirini keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində Yardımlı rayonunun iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli meyvə emalı müəssisələrinin, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə həyata keçirilən məqsədli dövlət proqramlarının regionların inkişafında xüsusi əhəmiyyətini qeyd edib, onların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafının daha da sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsinin iqtisadiyyatda özəl bölmənin rolunun artmasında rolunu diqqətə çatdırıb.

Nazirliyin Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov isə öz növbəsində Lənkəran iqtisadi rayonunda dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçiriləcək layihələr barədə məlumat verib.

Tədbirdə çıxış edən SKMF-ın icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib və bildirib ki, bu ilin ötən dövründə Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2 293 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 mln. manata yaxın güzəştli kredit verilib. Bu kreditlər hesabına 8 600-dən çox yeni iş yerinin yaradılması təmin olunub.

«Lənkəran iqtisadi rayonunda indiyədək 1 200-dən çox sahibkara 47,7 mln. manat, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslanan 19 layihənin maliyyələşdirilməsinə 20,8 mln. manat güzəştli kredit verilib ki, bu müəssisələrdən 14-ü istifadəyə verilib, qalan 5 müəssisə üzrə tikinti-quraşdırma işləri aparılır», - deyə Ş.Abdullayev bildirib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Yardımlı və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkarlıq subyektinə 740 min manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR