Şamaxı Astrofizika Rəsədxanasının direktor müavininin “21 dekabr” - MÜSAHİBƏSİ

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavininin “21 dekabr” - <span style="color: red;"> MÜSAHİBƏSİ
# 20 dekabr 2012 16:03 (UTC +04:00)

“Dünya alimləri 2012-ci illə bağlı hər hansı təhlükə olmadığını qətiyyətlə deyirlər”

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayevin 21 dekabr tarixi ilə bağlı APA-ya müsahibəsi

- Dekabrın 21-i tarixi ilə bağlı əhali arasında anlaşılmazlıq və çaşqınlıq davam edir. Bilmək istəyərdik ki, bu prosesin elmi izahı varmı? Əslində sabah nə baş verəcək?

- 2000-ci ilin vahiməli “qorxusu” yadınıza gəlirmi? Bu “qorxu”, heç bir nəticələr olmadan

keçib getdi və əksəriyyət tərəfindən unuduldu. Gəlin, bədnam “21 dekabr” haqqında

çəkilmiş filmdəki xüsusi rejissor və kompüter effektlərini unudaq və bədbin olmayaq:

dünya sabah dağılmayacaq. Bu gün sadəcə növbəti qış Günəş qarşıdurması deyilən

astronomik hadisə baş verəcək. Bizim planet artıq 4 milyard ildir ki, mövcuddur və dünya alimləri 2012-ci illə bağlı hər hansı təhlükə olmadığını qətiyyətlə deyirlər.

- 2012-ci ildə dünyanın sonunun proqnozlaşdırılması üçün “əsas” nə olub?

- Bu, Nibirunun (şumerlər tərəfindən kəşf olunduğu söylənilən hipotetik planet) Yerə

doğru yönəlməsi iddiasından sonra başladı. Birinci fəlakəti 2003-cü ilin may ayına

“proqnozlaşdırırdılar”, lakin heç bir şey baş vermədiyindən, onu 2012-ci ilin dekabr

ayına sürüşdürdülər. Sonra növbəti cəfəngiyatı 2012-ci ilin 21 dekabr tarixində qədim

Maya təqviminin dövrlərindən birinin sona çatması ilə bağladılar. Görən bu “sürüşmələr”

nə qədər davam edəcək?

Maya təqvimi 2012-ci ilin dekabrında bitirmi? Əslində bizim iş və ya mətbəx

divarlarımızda asılan təqvimdəki hər ilin 31 dekabr tarixi heç də zamanın sonu

demək deyil. Yeni ildə asılan yeni təqvim yanvarın 1-dən başlayan növbəti təqvim ilini

tənzimləyir. Eyni qaydada, Maya təqvimi də 21 dekabr 2012-ci il tarixində bitmir. Bu

tarix Maya təqviminin cari uzunmüddətli tsiklinin (təqribən 5126 il) sonu və yeni tsiklinin

başlanğıcı olacaq. Mayalıların daha böyük intervallic tsiklləri var:

1 piktun = 20 baktun = 2880000 gün = təqribən 7885 il;

1 kalabtun = 20 piktun = 57600000 gün = təqribən 158000 il;

1 kinçiltun = 20 kalabtun = 1152000000 gün = təqribən 3 milyon il;

1 alautun = 20 kinçiltun = 23040000000 gün = təqribən 63 milyon il.

- Planetlərin fəzada yerləşməsi (düzülüşü) Yerə təsir edə bilərmi?

- Növbəti bir neçə onilliklər ərzində planetlərin hər hansı xüsusi yerləşməsi və

ya konfiqurasıyası gözlənilmir. Hətta olsa belə, onların Yerə əhəmiyyətli təsir

olmayacaq. 2012-ci ildə Yer kürəsi Qalaktika müstəvisini kəsib keçməyəcək. Hər ilin

dekabrında Günəş, Yer və Süd Yolu (Samanyolu) Qalaktikasının mərkəzi təqribən

bir xətt boyunca olur, lakin bu hadisə heç bir fəsad törətmir.

Hər hansı planet, qəhvəyi cırtdan adlandırılan Nibiru və ya X planeti, yaxud Eris Yerə

yaxınlaşaraq planetimiz üçün fəlakətli ola bilərmi? Nibiru və ya digər “yolunu azmış”

planetlər haqqında hekayələr İnternet fırıldaqçılığından başqa bir şey deyil. Əgər

adıçəkilən planetlər 2012-ci ildə Yerə yaxınlaşsaydı, onları astronomlar ən azı on il

əvvəl hiss edə bilərdilər, indi isə onları adi gözlə belə görmək mümkün olardı. Əlbəttə

ki, onlar mövcud deyil. Eris mövcuddur, lakin Plutona oxşayan bu cırtdan planet Günəş

sisteminin xaricindədir, onunla Yer arasındakı ən qısa məsafə 6,5 milyard kilometrdir.

Qütblərin sürüşməsi təhlükəsi haqqında da çox danışılır. Deyilənlərə görə, Yer qabığı

bir neçə gün və hətta bir neçə saat ərzində öz nüvəsi ətrafında 180 dərəcə fırlanma edə

bilər. Lakin Yerin fırlanma istiqamətinin tam əskinə dəyişməsi mümkün deyil. Qitələr yavaş-yavaş dreyf edir (məsələn, Antarktida bir neçə yüz milyon illər əvvəl ekvatora yaxın yerləşirdi), lakin bu faktın Yerin fırlanma istiqamətinin dəyişməsi fərziyyəsi ilə əlaqəsi yoxdur. Lakin bir çox internet saytları insanları aldatmağa cəhd edirlər. Onlar Yerin fırlanması və planetin maqnit qütblülüyü arasında əlaqələr olduğunda israr edirlər.

Maqnit qütblülüyü həqiqətən də dəyişir və maqnit qütblərinin dəyişməsi orta hesabla

400 min ildən bir baş verir. Bu gün elmə məlum olduğu kimi, bu cür dəyişiklik Yer

üzərindəki həyat üçün zərərli deyil. Ən azı, belə bir hadisənin növbəti minillikdə baş

vermə ehtimalı çox azdır.

Başqa bir təhlükə 2012-ci ildə Yerin meteorla toqquşması ola bilərdi. Yer daim

kometlərin və asteroidlərin toqquşmasına məruz qalıb, indi də bu potensial təhlükə

qalır, lakin böyük obyektlərlə toqquşma ehtimalı çox aşağıdır. Son belə böyük

toqquşmanın təqribən 65 milyon il əvvəl baş verdiyi və dinozavrların məhvinə səbəb

olduğu ehtimal olunur. 2012-ci ildə bu cür heç bir toqquşma gözlənilmir. NASA bu cür

obyektlərin monitorinqini aparır və onlar haqqında toqquşma ehtimalından qabaq

məlumat vermə imkanlarına malikdir.

- "Planetlərin paradı"nın Yer üçün hansısa təsiri varmı?

- Adi gözlə görünən (müşahidə olunan) planetlərin bir-birinə kifayət qədər yaxın olduğu

hal planetlərin paradı hesab olunur. Dörd planet “bir yerdə toplanan zaman” planetlərin

kiçik paradı baş tutur. Planetlərin böyük paradı ən azı beş planet olduqda baş verir.

Planetlərin kiçik paradı hər 20 ildən bir, böyük parad isə daha nadir hallarda baş verir.

Bundan əlavə, planetlərin görünən və görünməyən paradları da fərqləndirilir.

Astronomiyada planetlərin “yaxınlığı” ilə bağlı heç bir dəqiq meyar yoxdur və planetlərin

paradı keyfiyyət xarakteri daşıyır. Bu hadisəyə astrologiyada daha çox önəm verilir

(planetlər bir bürcdə toplaşdıqda). Məsələn, 2002-ci ildə (aprelin sonu - mayın

əvvəlində) dörd planet - Merkuri, Venera, Mars və Saturn Buğa bürcündə “görüşüblər”,

beşincisi – Jupiter isə Əkizlər bürcündə olub və nəticədə böyük parad baş tutmayıb.

- Hal-hazırda planetlərlə bağlı vəziyyət nə yerdədir?

- Bu günlər, səhər çağında Merkuri, Saturn və Veneradan ibarət mini parad davam edir

(səmanın 30 dərəcəlik böyüyən sektorunda). Yupiter bütün gecə görünür, Mars axşam

tərəfi bir saata yaxın, Uran və Neptun isə axşam və gecə görünür. Günəş faktoru haqqında da müntəzəm olaraq söhbət açılır. 2012-ci ilin qalan son günlərində ciddi Günəş alışmaları və müvafiq olaraq geomaqnit fırtınalarının baş vermə ehtimalı çox azdır.

- Hazırda Günəşdə aktivlik hansı səviyyədədir?

- Hazırda Günəşin səthində 66 ləkə və 3 iri aktiv ləkə regionu müşahidə olunur.

Günəş alışmalarının baş vermə ehtimalı aşağı səviyyədədir. Digər tərəfdən, geomaqnit

fəallığı da yüksək deyil. Bir sözlə, kosmik hava stabildir. Lakin bunu meteoşərait

haqqında demək olmaz. Son günlər hava şəraitinin tez-tez pisləşməsi, atmosfer

təzyiqinin kəskin dəyişməsi, temperaturun qalxıb enməsi kimi faktorlar meteolabil

insanlar üçün əlverişsiz olmaqla, insanlarda diskomfort yaradır. Bu diskomfort həm də,

adətən qış dövrünə xas olan bədbinlik, laqeydlik, həvəsdən tez düşmə kimi hisslərlə

(psixoloji faktorlarla) müşayiət olunduğundan, xarakteri zəif olan insanlar “21 dekabr”

kimi cəfəngiyatlara daha tez inanır və ya aludə olurlar.

Narahatlıq doğuran başqa məsələ isə 21 dekabr günü baş verə biləcək adi və ya

təsadüfi qəzalar ola bilər. Əgər, məsələn elektrik verilişi sistemində texniki qəza baş

verərsə və nəticədə ətraf zülmətə qərq olarsa, bu təşviş bunun səbəbini bədnam

“21 dekabr”da axtaran müəyyən insanlara fatal təsir göstərə bilər...

Bəşəriyyət hələ 5 milyard il yaşayacaq, inkişaf edəcək, nəsillər bir birini əvəzləyəcək. Əgər bəşəriyyət öz-özünü nüvə və ya ekoloji fəlakətlərlə məhv etməzsə, bizi əvəz edəcək nəsillər başqa dünyaları da kəşf edəcəklər. Niyə bizlər alimlərin sözünü ciddi qəbul etmirik, yalnız şarlatanlara inanırıq? Niyə öz hərəkətlərimizlə onlara qazanmağa (biznes və ya ucuz şöhrət mənasında) rəvac veririk? Gəlin optimist olaq, sabaha inanaq, bir-birimizə inanaq. Biz Kainatda beşik kimi yırğalanan və cağa səsi gələn bir rəngli dünyamızda - Yer kürəsində yaşayırıq. Bu dünyanı birlikdə qorumalıyıq, onu əl-ələ hifz etməliyik - axı ona bir şey olarsa, seçim olmayacaq...

Sabahkı və sonrakı Günəşli günlərimiz uğurlu və inamlı olsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR