İranda iki hərbi manevr keçirilir

İranda iki hərbi manevr keçirilir
# 20 noyabr 2012 13:43 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda növbəti hərbi manevr başlayıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, iki gün davam edəcək təlimlər ölkənin Kürdüstan vilayətində keçirilir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) generalı Məhəmməd Hüseyn Rəcəbi bildirib ki, “Məhəmməd peyğəmbərin köməkçiləri” adı verilmiş manevrə 65 “əl-Zəhra” batalyonu, 100 “Aşura” batalyonu, 10 “İmam Hüseyn” batalyonu, 1000 “Salehi” batalyonu qatılıb. Onun sözlərinə görə, təlimlərdə ölkənin digər şəhərlərdən “Bəsic” yarıhərbi könüllülər dəstəsinin 20 min üzvü iştirak edəcək. M. Rəcəbi deyib ki, manevrin keçirilməsində məqsəd ordunun nizam-intizam, şəhər mühitində müdafiə, həmçinin axtarış və xilasetmə əməliyyatları üzrə hazırlıq səviyyəsini yoxlamaqdır: “Bundan başqa, təlimlər Məhəmməd peyğəmbərin təhqir olunmasına etiraz, həmçinin Qəzzaya dəstək üçün keçirilir”.

Bundan əlavə, İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətində mülki müdafiə manevri başlayıb. “İla beytul müqəddəs” adı ilə başlanan hərbi təlimlər düşmənin ehtimal olunan təhdidlərinə hazırlıqlı olmaq, zəlzələ, yanğın, sel kimi təbii fəlakətlərə qarşı təcili müdaxilə gücünü artırmaq məqsədi daşıyır. Bu manevr indiyədək İran daxilində 13 vilayətdə təşkil edilib və ilin sonuna qədər digər vilayətlərdə də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR