UNİCEF uşaqların hüquqlarının müdafiəsi ilə bağlı Nazirlər Kabinetinə təklif verib

UNİCEF uşaqların hüquqlarının müdafiəsi ilə bağlı Nazirlər Kabinetinə təklif verib
# 27 dekabr 2012 10:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. UNİCEF məişət zorakılığı ilə bağlı Azərbaycanın 16 regionunda araşdırma aparacaq. Bu barədə APA-ya açıqlamasında UNİCEF-in Azərbaycan nümayəndəliyinin uşaqların müdafiə proqramının rəhbəri Munir Məmmədzadə deyib.

O bildirib ki, yanvar ayından başlanacaq araşdırma nəticəsində hesabat hazırlanaraq müvafiq təkliflər veriləcək. Bu araşdırma Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in birgə təşkilatçılığı ilə aparılacaq: “Məişət zorakılığı ilə bağlı UNİCEF-i narahat edən məsələlərdən biri odur ki, burada daha çox diqqət zorakılığın qurbanı olan qadınlara yönəldilir. Amma bundan ən böyük ziyan çəkənlər ilk növbədə uşaqlardır. Burada təkcə fiziki deyil, psixoloji, emosional zorakılıq da xüsusi əhəmiyyət daşıyır”.

Uşaqların istismarına gəlincə isə UNİCEF-in müşaviri bu problemin qarşısını almaq üçün Nazirlər Kabinetinə təklif verdiklərini qeyd edib: “Təklif etmişik ki, Nazirlər Kabinetinin tərkibində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada müvafiq işçi qruplar yaradılsın ki, dövlət qurumları bir araya gələrək problemləri həll etsinlər. Nazirlər Kabineti səviyyəsində bu məsələnin tənzimlənməsi çox vacibdir. Çünki uşaqların istismarı çoxşaxəli olduğundan bütün orqanlar birgə fəaliyyət göstərərək kompleks şəkildə fəaliyyət göstərməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR