Azərbaycanlı diplomat QDİƏT-in Biznes Şurasının baş katibi seçilib

Azərbaycanlı diplomat QDİƏT-in Biznes Şurasının baş katibi seçilib
# 11 dekabr 2012 08:17 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Biznes Şurasının 45-ci iclası keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanı bu tədbirdə ASK-nın prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində QDİƏT-in Biznes Şurasının Baş Katibi vəzifəsinə seçkilər keçirilib.

QDİƏT-in Biznes Şurasının mövcud olduğu 20 il ərzində ilk dəfə olaraq Azərbaycan nümayəndəsi, Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatı Məmməd Zülfüqarov mütləq səs çoxluğu ilə QDİƏT-in Biznes Şurasının baş katibi vəzifəsinə seçilib. Növbəti 3 il ərzində azərbaycanlı diplomat QDİƏT-in Biznes Şurasının baş katibi vəzifəsini icra edəcək.

«Azərbaycan nümayəndəsinin bu quruma rəhbərlik etməsi ölkənin QDİƏT ölkələri ilə iqtisadi əməkdaşlıq potensialının daha geniş şəkildə reallaşdırılmasına, işgüzar dairələr, müxtəlif regional və qlobal təşkilatlar, maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək», - deyə ASK-dan bildirilib.

Qeyd edək ki, 1992-ci ildə təsis edilmiş QDİƏT-in Biznes Şurası üzv ölkələrin biznes dairələri arasında əməkdaşlıq istiqamətində fəaliyyət göstərən əsas qurumudur. QDİƏT-in Biznes Şurasında üzv ölkələrin hər biri aidiyyəti qurumları vasitəsilə təmsil olunur. Azərbaycanı QDİƏT-in Biznes Şurasında İqtisadi İnkişaf Nazirliyi və ASK təmsil edir.

QDİƏT-də 12 üzv və 13 müşahidəçi ölkə mövcuddur. QDİƏT-in Biznes Şurasının Beynəlxalq Katibliyi İstanbulda yerləşir.

QDİƏT-in Biznes Şurasının əsas fəaliyyət istiqamətləri, həmçinin, orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, bir-başa sərmayə qoyuluşlarının artırılması və ümumilikdə regional səviyyədə hökumətlər və özəl sektorlar, təşkilatlar arasında əlaqələrin gücləndirilməsi yolu ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR