“The New York Times”: İsrailin Qəzzaya 8 günlük hücumu bir İran sınağı idi

“The New York Times”: İsrailin Qəzzaya 8 günlük hücumu bir İran sınağı idi
# 23 noyabr 2012 13:27 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İsrailin “Bulud sütunu” adı verilən və Qəzzaya 8 gün davam edən hərbi əməliyyatı bir İran sınağı idi”. APA-nın məlumatına görə, bu barədə ABŞ-da nəşr olunan “The New York Times” qəzeti yazıb.

Qəzet hesab edir ki, rəsmi Təl-Əviv bu hücumla İranla ehtimal olunan hərbi qarşıdurmaya hazırlıq görüb və “Dəmir qübbə” adlandırdığı raket əleyhinə müdafiə sistemini (RƏMS) sınayıb. Məqalədə həmçinin İranın nüvə obyektlərini bombalamağı planlaşdıran İsrailin sözügedən əməliyyatla Tehranın yeni generasiya raketlərini Qəzza sektoru və Livandakı HAMAS, “İslami Cihad” və “Hizbullah” kimi təşkilatlara göndərilməsinə mane törətməyə çalışdığı qeyd olunub.

Eyni zamanda yazıda Qəzza hücumunun əslində təxminən bir ay əvvəl Sudanın paytaxtı Xartum şəhərində bir hərbi zavodun bombalanması ilə başlandığı iddia edilib: “Xartumdakı partlayış İrana qarşı həyata keçirilən “kölgə döyüş”ünün bir parçasıdır. Sudan hökuməti bu hücumdan sonra İsraildən BMT-yə şikayət etdi. Elə HƏMAS da əməliyyat zamanı Sudan üzərindən Qəzza sektoruna gətirilən İran istehsalı “Fəcr” raketlərindən istifadə edib. Eyni zamanda HƏMAS və “İslami Cihad” bu raketlər sayəsində Təl-Əviv və Qüdsü vurub. İsrailin “Dəmir qübbə” adlandırdığı raket əleyhinə müdafiə sistemi isə döyüşdən müvəffəqiyyətlə çıxıb. Ancaq bu sistem yalnız qısamənzilli raketləri zərərsizləşdirmək qabiliyyətinə sahibdir. Lakin İran və Livandakı “Hizbullah”la ehtimal olunan bir qarşıdurmada “Dəmir qübbə”nin orta və uzunmənzilli raketlərə qarşı müvəffəqiyyət qazanmaq şansı azdır. Ona görə də rəsmi Təl-Əviv artıq RƏM-i bu istiqamətdə gücləndirmək üçün hərəkətə keçib”.

Qəzet yazır ki, İsrail Qəzzada hərbi əməliyyata başlamamışdan əvvəl HƏMAS-ın əlində 10-12 min raket olduğunu təxmin edib: “Rəsmi Təl-Əviv həmin raketlərin əksəriyyətinin İran tərəfindən HƏMAS-a verildiyini, bəzilərinin isə Suriya texnologiyası ilə Qəzzada istehsal olunduğunu hesab edir”. Məqalədə həmçinin vurğulanır ki, İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Barak Obamanı ən çox narahat edən məsələ İranın nüvə proqramıdır: “Ancaq iki lider arasında rəsmi Tehrana qarşı nə cür tədbirlər görülməsi məsələsində fikir ayrılığı var”.

Qeyd edək ki, İsrail Böyük Britaniyanın Fələstin torpaqlarını tərk etdiyi 15 may 1948-ci il tarixindən bir gün əvvəl qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR