Polis Berlində bankda girov götürülmüş şəxsi azad edib

Polis Berlində bankda girov götürülmüş şəxsi azad edib
# 22 dekabr 2012 04:42 (UTC +04:00)

Bakı-APA. Polis Berlində “Deutsche Bank”ın filialında girov götürüb partlayışla hədələyən şəxsi təslim olmağı razı sala bilib. Bu barədə APA “Frans Press”ə istinadən xəbər verir.

On saat davam edən danışıqlar müsbət nəticə verib: cinayətkar girov saxladığı şəxsi buraxıb, bundan dərhal sonra polis binaya daxil olub və banka basqın edən şəxsi həbs edib. Agentliyin xəbərinə görə, cinayətkar saxlanılarkən heç bir müqavimət göstərməyib. Onun üzərində partladıcı qurğu olub-olmaması barədə məlumat verilmir.

Xatırladaq ki, dünən naməlum şəxs “Deutsche Bank”-ın Berlinin Selendorf rayonundakı filialına işin sonuna az qalmış daxil olub və içəridəkiləri onda partladıcı qurğu olması ilə hədələyərək, 1 milyon avro tələb edib. Cinayətkar bank işçisini girov götürüb. İyirmiyədək insan binadan qaçmağa müvəffəq olub. Hadisə yerinə 300-dək polis və xüsusi təyinatlılar cəlb olunub, bina və yaxın küçələr nəzarətə götürülüb.

Həbs olunan şəxs barədə tam məlumat verilmir. “Bild” qəzeti onun 20 yaşlı, idmançı bədən quruluşuna malik Almaniya vətəndaşı olduğunu bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR